Qərbi Azərbaycan İcmasında AYB-nin bölmə iclası keçirilib: “Ədəbi İrəvan-2026” müzakirə olunub
Mart ayının 14-də Qərbi Azərbaycan İcmasının (QAİ) inzibati binasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsinin növbəti izdihamlı toplantısı keçirildi. Bu görüş sadə bir tədbir deyil, bütöv bir coğrafiyanın yaddaşını yaşadan, qələm adamlarını ortaq amal ətrafında birləşdirən mənəvi bir körpü idi. Toplantı AYB-nin üzvü, İcmanın məsul əməkdaşı, şair-publisist Şəmsi Qocanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdu.
Tədbir başlamazdan əvvəl salona çökmüş sükutda Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi dərin ehtiramla yad edildi. Şəhidlərimizin ruhu qarşısında baş əyən qələm sahibləri üçün bu toplantı həm də bir vəfa borcu idi.
Məclisə sədrlik edən Şəmsi Qoca geniş və məzmunlu məruzə ilə çıxış edərək, Qərbi Azərbaycanın ədəbi mühitinin dünəni, bu günü və sabahı ilə bağlı mühüm məqamlara toxundu. O, çıxışında QAİ-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin tədbir iştirakçılarına ünvanladığı xoş arzuları və dəstək dolu sözlərini diqqətə çatdırdı. Bu diqqət toplantıya toplaşan yaradıcı insanlar üçün əlavə stimul və ruh yüksəkliyi yaratdı.
Xüsusilə vurğulandı ki, bu gün Qərbi Azərbaycan həqiqətlərinin dünya miqyasında işıqlandırılması və soydaşlarımızın hüquqlarının bərpası məsələsi şəxsən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin birbaşa diqqəti və himayəsi altındadır. Dövlət başçısının Qərbi Azərbaycana qayıdış məsələsini milli prioritet elan etməsi, xalqımızın mənəvi bütövlüyünə və tarixi ədalətin bərpasına verilən ən ali qiymətdir. Məhz dövlətimizin bu sahədəki qətiyyətli siyasi iradəsi yazarlara, ziyalılara və araşdırmaçılara tükənməz güc verir.
Müzakirələrdə iştirak edən tanınmış yazarlar, şairlər və tədqiqatçılar vurğuladılar ki, belə görüşlərin keçirilməsi təkcə ədəbi fakt deyil, həm də böyük ictimai, siyasi və mənəvi əhəmiyyət kəsb edən hadisədir. Çünki sözün gücü ilə qorunan yaddaş, əslində torpağa qayıdışın ilk və ən mühüm addımıdır. Toplantı iştirakçıları qeyd etdilər ki, dövlətin yaradıcı insanlara göstərdiyi qayğı onların məsuliyyətini daha da artırır.
Toplantı həm də konkret işlərin başlanğıcı ilə yadda qaldı. İştirakçıların yekdil rəyi və təklifi ilə AYB-nin Qərbi Azərbaycan bölməsində fəaliyyət göstərəcək bir neçə mühüm struktur formalaşdırıldı:
• Bölmənin cari fəaliyyətini tənzimləyəcək İşçi Qrupu;
• Gənc və istedadlı qələm sahiblərinin sıralara cəlb edilməsi üçün AYB-nə qəbul üzrə təklif komissiyası;
• Hər bir rayonun ədəbi mühitini dərindən öyrənmək üçün rayonlar üzrə koordinatorların müəyyən edilməsi isə gələcəkdə çevik informasiyanın təmin edilməsinə imkan yaradacaqdır.
Günün ən maraqlı və həyəcanlı məqamlarından biri isə “Ədəbi İrəvan-2026” almanaxı ilə bağlı oldu. Nəşrə daxil ediləcək əsərlər ətrafında qızğın müzakirələr aparıldı. Hər bir bədii nümunənin həm poetik gücü, həm də Qərbi Azərbaycan həqiqətlərini əks etdirmə dərəcəsi süzgəcdən keçirildi.
Professor, şair Zahid Xəlil çıxışında ədəbiyyatın tərbiyəvi və tarixi roluna toxunaraq bildirdi ki, gələcək nəsillərə ötürülən hər bir bədii nümunə bizim yaddaş pasportumuzdur. O, elmi və bədii təfəkkürün sintezi ilə Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd etdi.
Şair Zahid Əziz və şairə Zöhrə Qaraqızı poeziyanın ruhu oyatmaq gücündən bəhs etdilər. Onlar vurğuladılar ki, itirilmiş yurd yerlərinin həsrəti təkcə kədər deyil, həm də mübarizə ruhu aşılamalıdır. Şairlərin fikrincə, yazılan hər bir misra oxucunu o torpaqlara ruhən yaxınlaşdırmalı, qayıdış inamını sarsılmaz etməlidir.
"Nərgiz" nəşriyyatının direktoru, şair-araşdırmaçı Hidayət Musayev məsələnin daha çox təşkilati və təbliğat tərəflərinə diqqət çəkdi. O, gələcək fəaliyyətin sistemli şəkildə koordinasiya olunmasının, çap ediləcək kitabların və almanaxların keyfiyyətinin yüksək tutulmasının zəruriliyini bildirdi. Hidayət müəllim xüsusilə vurğuladı ki, "Nərgiz" nəşriyyatı olaraq bu müqəddəs yolda hər zaman qələm adamlarının yanındadırlar.
Şair İmran Güllübulaqlı isə regionun ədəbi potensialına toxunaraq, rayonlar üzrə koordinatorların işinin nə qədər məsuliyyətli olduğunu xatırlatdı. O, ucqar kəndlərdə, rayonlarda qalan, lakin üzə çıxarılmayan istedadlı yazarların tapılıb ədəbi birliyə cəlb edilməsinin "Qayıdış Konsepsiyası"na xidmət edən ən böyük addımlardan biri olduğunu vurğuladı.
Çıxış edənlər tərəfindən irəli sürülən müxtəlif təkliflər bir nöqtədə birləşirdi: bu toplantılar "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın mənəvi sütunudur. Yazarların bu birliyi sübut etdi ki, İrəvanın, Göyçənin, Zəngəzurun, Ağbabanın və digər qədim yurd yerlərimizin ruhu ədəbiyyatda, şeirdə və publisistikada yaşadıqca, o torpaqlara fiziki qayıdışımız da labüddür. Çıxışlarda bir daha qeyd olundu ki, cənab Prezidentin ziyalılarımıza göstərdiyi diqqət bu mənəvi qayıdışın ən böyük təminatıdır.
Toplantının ən təsirli və yadda qalan məqamlarından biri də Qərbi Azərbaycan İcmasının sıralarının daha da genişlənməsini simvolizə edən təqdimat mərasimi oldu. Bu anlar təkcə rəsmi bir prosedur deyil, həm də doğma yurd yerlərinə bağlılığın rəsmi möhürü kimi qəbul edildi.
Mərasimdə çıxışçıların və iştirakçıların alqışları sədaları altında professor Zahid Xəlil və Aysel Zahidqızına Qərbi Azərbaycan İcmasının üzvlük biletləri və döş nişanları təqdim edildi. Təqdimat zamanı vurğulandı ki, bu vəsiqələr və sinələrə sancılan döş nişanları sadəcə bir status deyil, hər bir daşıyıcısının üzərinə böyük mənəvi məsuliyyət qoyan vətəndaşlıq nişanəsidir.
Zahid Xəlil və Aysel Zahidqızı onlara göstərilən bu etimada görə təşəkkürlərini bildirərək, bu nişanı daşımağın onlar üçün böyük şərəf olduğunu qeyd etdilər. Bildirildi ki, İcmanın üzvü olmaq hər bir ziyalı üçün Qərbi Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, unudulmuş həqiqətləri yenidən gün işığına çıxarmaq yolunda atılan növbəti addımdır. Bu təqdimat toplantıda iştirak edən digər gənc qələm sahibləri üçün də bir nümunəyə çevrilərək, birliyin və bütövlüyün əyani sübutu kimi tarixə düşdü.
Beləliklə, martın 14-də keçirilən bu tarixi toplantı Qərbi Azərbaycanın ədəbi-ictimai fikir adamlarını vahid amal uğrunda bir araya gətirməklə, doğma yurd yerlərinə mənəvi qayıdışın sarsılmaz təməllərini bir daha möhkəmləndirdi. Dövlətimizin sarsılmaz iradəsi və cənab Prezidentin uzaqgörən siyasəti sayəsində bu qayıdışın təkcə sözdə deyil, tezliklə əməldə də gerçəkləşəcəyinə olan inam hər kəsin qəlbində bir daha alovlandı.
İmran Güllübulaqlı