EN

İran Türkiyəni niyə vurdu?

İrandan Türkiyə istiqamətinə üçüncü ballistik raket atılıb. Bu addım İranın Türkiyəni münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirilə bilər?Politoloq Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında bildirib ki,son vaxtlar İran tərəfindən Türkiyəyə qarşı müəyyən yol verilməz addımlar atılır: “ABŞ və İsrailin ortaq şəkildə İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra İranda hakimiyyət böhranına yaxın bir situasiya yaranıb. Belə anlaşılır ki, hakimiyyət daxilində qütblərdən biri - Pezeşkian və onun yaxın ətrafı qonşu dövlətlərlə normal münasibətlərin tərəfdarı kimi çıxış edir və vəziyyətin gərginləşdirilməsindən yayınmağın vacibliyini vurğulayır. Ancaq hakimiyyətin daha radikal qanadı qonşu ölkələrə qarşı güc nümayişində maraqlıdır. Bunun da müxtəlif səbəbləri ola bilər. Türkiyənin və digər müsəlman dövlətlərinin bu savaşda iştirakında sanki maraqlı kimi görünürlər. Bu baxımdan son vaxtlar Türkiyəyə artıq üçüncü raket hücumu edilib və Türkiyə bunun qarşısını alıb. Halbuki bundan əvvəl də Prezident Ərdoğan açıq şəkildə bəyan etmişdi və Prezident Pezeşkianla danışaraq bildirmişdi ki, İrandan Türkiyəyə qarşı atılan belə addımlar yol verilməzdir və Türkiyə buna uzun müddət cavabsız və ya reaksiyasız qala bilməz”. E.Xalidbəyli qeyd edib ki, İrandakı situasiyanın gərginləşməsində və qonşularla münasibətlərin pozulmasında maraqlı olan müəyyən qüvvələr var. Bu qüvvələr də məhz radikal qanadı təmsil edir və hazırda Türkiyə ilə münasibətlərin pozula biləcəyi səviyyədə addımlar atırlar: “Burada hansısa strateji addım və ya planlardan danışmaq bir qədər çətindir. Daha çox situasiyanın gərginləşdirilməsi, Yaxın Şərqdə və onun ətrafında idarə olunmaz xaos vəziyyətinin yaranmasına cəhd göstərildiyi təəssüratı yaranır. Savaşın istiqamətlərinin dəyişdirilməsi və ABŞ ilə İsrail üçün daha qəliz situasiyanın yaradılmasına da cəhd göstərilmiş ola bilər. Çünki bu savaşa nə qədər çox dövlət müdaxilə edərsə, bir o qədər ağır və idarəolunmaz vəziyyət yarana bilər. Belə bir vəziyyət isə son nəticədə savaşı başladan tərəflər üçün də müəyyən problemlər yarada bilər. Eyni zamanda hücuma məruz qalan tərəflərin ABŞ-yə təzyiq göstərmə ehtimalı da arta bilər. Yəni səbəblər çox müxtəlif ola bilər. Yəqin ki, zaman keçdikcə situasiya daha da aydınlaşacaq və əsas məqsədin nə olduğu da müəyyən qədər üzə çıxacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
54
50
metbuat.az

10Sources