EN

Ölkələrə tətbiq edilən sanksiyalar hər il 564.000 insanın ölümünə səbəb olur



Dünya miqyasında tətbiq edilən genişmiqyaslı sanksiyalar hər il 564.000 insanın ölümünə səbəb olur ki, bu da müharibələrdə baş verən illik ölüm sayına bərabərdir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı (AB) kimi qlobal təşkilatlar, eləcə də ABŞ və Böyük Britaniya kimi ölkələr insan haqlarının pozulması, nüvə silahlarının hazırlanması, terror təşkilatlarına dəstək və ikitərəfli münasibətlərdəki gərginlik kimi səbəblərə görə uzun müddətdir ki, bir çox ölkəyə qarşı sanksiyalar tətbiq edirlər.
Hərbi güc tətbiq etmədən hədəf ölkənin davranışını dəyişdirmək məqsədi ilə tətbiq edilən sanksiyalar diplomatik, siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunur.

Ən çox tətbiq olunan sanksiya növlərinə "ticarət maneələri, bank hesablarının dondurulması və dövlət məmurları üçün səyahət qadağaları" daxildir.

Dünyada ən çox sanksiyalara məruz qalan ölkələr arasında Rusiya, İran, Şimali Koreya, Suriya, Venesuela, Əfqanıstan və Kuba var.

"The Lancet" səhiyyə jurnalında 2025-ci ildə dərc olunmuş məqaləyə görə, hər il sanksiyalar səbəbindən 564.000 insan ölür.

Yuxarıda adı çəkilən tədqiqatın müəlliflərindən biri olan ABŞ-da yerləşən İqtisadi və Siyasət Tədqiqatları Mərkəzinin (CEPR) baş elmi işçisi Fransisko Rodrigez AA müxbirinə ABŞ, BMT və AB tərəfindən tətbiq edilən sanksiyaların ölkələrə təsiri ilə bağlı qiymətləndirmə verib.


Rodrigez bildirib ki, tədqiqatın bir hissəsi olaraq 1971-2021-ci illər arasında 152 ölkədən məlumatları təhlil ediblər və bu tapıntılara əsasən birtərəfli və iqtisadi sanksiyaların müharibələr qədər ölümcül olduğu qənaətinə gəliblər.

Rodrigez sanksiyalardan ən çox təsirlənən qrupların 5 yaşdan kiçik uşaqlar və yaşlılar olduğunu qeyd edərək deyib: "Bir az daha aydın və bəlkə də kobud şəkildə desəm, uşağı və ya yaşlı insanı ac qoymaq yetkin kişini ac qoymaqdan daha asandır. Yetkin kişi çox əlverişsiz şəraitdə yaşaya bilər."

Rodrigez yaşlıların və 5 yaşdan kiçik uşaqların qidalanma çatışmazlığına və dərman çatışmazlığına qarşı həssas olduğunu vurğulayaraq bildirib:

"Dərman çatışmazlığı həqiqətən əsas amildir, çünki həyatlarının ən yaxşı dövrünü yaşayan 20, 30 və ya 40 yaşlarında olan yetkinlərin böyük əksəriyyətinin dərmana ehtiyacı yoxdur və ya istifadə etmir. Lakin həssas qrup olan uşaqlar və onların anaları erkən yaşlarından dərmana ehtiyac duya bilərlər. Əlbəttə ki, yaşlıların da sağ qalmaq üçün müntəzəm olaraq dərman qəbul etmələri lazımdır. Buna görə də, dərman çatışmazlığı cəmiyyətdəki bu marjinal qruplara qeyri-mütənasib şəkildə təsir göstərir."

aia.az
Tərcümə şöbəsi



Chosen
50
aia.az

1Sources