EN

Paşinyan hakimiyyətdən getsə, Azərbaycan bu vəziyyətlə üz-üzə qalacaq – TƏFƏRRÜAT

“Nikol Paşinyanin hakimiyyətdə qalması və ya siyasi səhnədən kənarlaşması məsələsi Ermənistanın daxili siyasi prosesləri ilə bağlıdır. Lakin politoloji baxımdan bu proseslərin regional təhlükəsizlik və xüsusilə Azərbaycan ilə münasibətlərə təsiri qaçılmazdır. Əgər Paşinyanı daha radikal və revanşist mövqeli siyasi qüvvələr əvəz edərsə, bu halda Azərbaycanla əldə olunmuş razılaşmaların, o cümlədən paraflanmış sülh sazişinin icrası müəyyən siyasi müzakirə və ya gecikmə riski ilə üzləşə bilər. Çünki Ermənistan siyasətində uzun illər formalaşmış revanşist düşüncə hələ də müəyyən siyasi dairələrdə qalmaqdadır və bu qüvvələr regional reallıqları qəbul etməkdə çətinlik çəkirlər”.

Bu fikirləri politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasın da səsləndirib:

Politoloq

“Bununla belə, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar göstərir ki, Ermənistan daxilində hakimiyyət dəyişikliyi baş versə belə, regionun siyasi gündəliyini tamamilə dəyişmək artıq əvvəlki dövrlərlə müqayisədə xeyli çətindir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni güc balansı və Azərbaycanın hərbi-siyasi üstünlüyü regionda status-kvonun geri qaytarılması kimi iddiaları faktiki olaraq real siyasi alternativdən məhrum edib. Bu baxımdan istənilən Ermənistan hakimiyyəti mövcud reallıqları nəzərə almağa və regional proseslərə daha praqmatik yanaşmağa məcbur qalacaq”.

Politoloq qeyd edir ki, digər tərəfdən, Azərbaycanın mövqeyi kifayət qədər aydındır:

“Sülh gündəliyi qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasına əsaslanmalıdır. İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Bakı regionda davamlı sülhün tərəfdarıdır, lakin bu sülh yalnız real siyasi və hüquqi prinsiplər üzərində qurula bilər. Bu baxımdan Ermənistan daxilində baş verə biləcək siyasi dəyişikliklər Azərbaycanın strateji kursunu dəyişmir.

Əksinə, belə bir ssenari Ermənistan üçün daha ciddi geosiyasi və iqtisadi risklər yarada bilər. Çünki regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və təhlükəsizlik mühitinin sabitləşməsi ilk növbədə Ermənistanın öz inkişaf perspektivləri ilə bağlıdır. Revanşist ritorikanın yenidən güclənməsi isə bu ölkəni regional layihələrdən daha da kənarda qoya və Cənubi Qafqazda formalaşan yeni əməkdaşlıq mühitindən təcrid edə bilər”.

T.İsmayılov vurğulayır ki, bu səbəbdən Ermənistan daxilində mümkün hakimiyyət dəyişikliyi sülh prosesini taktiki baxımdan müəyyən dərəcədə ləngidə bilsə də, strateji baxımdan regionda formalaşmış yeni siyasi reallıqları dəyişdirmək potensialına malik deyil.

“Azərbaycan həm hərbi-siyasi gücü, həm də regional təşəbbüslərdə oynadığı rol sayəsində Cənubi Qafqazda sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir və bu amil sülh gündəliyinin geri dönməz xarakter almasını şərtləndirən əsas faktor kimi qiymətləndirilir”.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
13
1
konkret.az

2Sources