EN

Paşinyan və “Qarabağ kitabı qalmaqalı”: Diplomatik risk varmı? - ÖZƏL

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan muzeylərindən birinin direktoru Edita Qzoyanı işdən çıxarıb. Səbəb direktorun ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə Qarabağ haqqında kitab hədiyyə etməsidir. Paşinyan bu addımı hökumətin xarici siyasət kursuna zidd "təxribat" adlandırıb və rəsmi xəttə qarşı çıxan məmurların cəzalandırılacağını bəyan edib.
Paşinyan niyə Edita Qzoyanın hərəkətini "təxribat" adlandırdı?bu qərarın səbəbi nədir? Belə addımlar Ermənistanın beynəlxalq imicinə və xüsusilə ABŞ-la münasibətlərinə hansı riskləri yarada bilər?Bu, Qarabağ mövzusunda diplomatik dialoqa necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Paşinyan bu hərəkəti ona görə təxribat adlandırdı ki, işğalın sona çatmasından sonra və antiterror əməliyyatları da bura daxil olmaqla, Azərbaycanın qazandığı nailiyyətlər, həm hərbi, həm də siyasi arenadakı uğurlar Ermənistanın dövlət siyasətinin də dəyişməsinə səbəb oldu.
Əvvəllər Paşinyan iqtidarı özü də birmənalı olaraq deyirdi ki, "Qarabağ Ermənistandır", ermənilərindir və s. Amma indi Ermənistan dövlət siyasəti ondan ibarətdir ki, Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və sülh də bu kontekstdə əldə edilməlidir.
İndi həmin muzey əməkdaşının və Qzoyanın hərəkətləri Ermənistanın dövlət siyasəti ilə tamamilə ziddiyyət təşkil edirdi. Çünki Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan bir Ermənistan və onun hansısa bir məmuru tərəfindən alternativ olaraq ABŞ  vitse-prezidentinə Qarabağla bağlı bir kitab hədiyyə edir. Onda da təbii ki, bu, köhnə iddiaların yenidən ortaya atılması kimi təsir bağışlayırdı. Azərbaycan tərəfi də böyük ehtimal ki, bundan məmnun deyil haqlı olaraq və Ermənistan tərəfi də başa düşür ki, Azərbaycan öz haqqını necə ki, güc yolu ilə təyin etdi, həll etdi və geri aldı. İndi qazandığı bu uğurları da hansısa bir muzey əməkdaşına görə itirməyəcək və Ermənistandan bunun hesabatını da tələb edəcək. Ona görə də Paşinyan həmin bu neqativ halların qarşısını almaq və dövlət siyasətində tərs hərəkət edən həmin məmuru cəzalandırmaq üçün bu addımı atdı. Bu addımların Ermənistanın beynəlxalq imicinə və ABŞ ilə münasibətlərinə təsirinə gəlincə, bu əslində Ermənistan üçün müsbət çağırışdır. Əksinə, bu mesaj olacaq bütün tərəflərə ki, Ermənistan artıq şovinist ideyalardan imtina etmək istəyir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sülhə doğru addım atmağa can atır. Bu baxımdan Ermənistan üçün bu, yaxşı bir imic yaratmış ola bilər və Azərbaycan-Ermənistan münasibətlərində Paşinyan tərəfindən həyata keçirilən hüquqi bir addım kimi başa düşülə bilər. ABŞ ilə münasibətlərə gəlincə, mənə elə gəlir ki, burada heç bir narahatlıq olmayacaq. Bu, Ermənistanın daxili məsələsidir. Hədiyyəni verən də hansısa erməni məmur idi və onu işdən çağıran Ermənistan dövlətinin özüdür. Burada ABŞ-a qarşı hansısa addım atılmayıb, onun nüfuzuna zərər yetirəcək sözlər istifadə edilməyib, qanun çıxarılmayıb, qərar qəbul edilməyib. Ona görə də Ermənistan-Amerika münasibətlərinə heç bir mənfi təsir göstərməyəcək.
Qarabağ məsələsindəki dialoqa gəlincə, artıq bu dialoq bir növ başa çatmış sayılır, çünki sülh paraflanıb. Bu o deməkdir ki, tərəflər müzakirələri bitiriblər və sülh mətni hazırlanıb. Kimin haqları və hüquqları nədir, artıq bəllidir. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bunu Ermənistan tərəfi də təsdiqləyib. Ona görə də mən düşünürəm ki, bunun indi Qarabağ danışıqları ilə bağlı hər hansı təsiri olmayacaq. Çünki bu danışıqlar artıq bitib, Ermənistan tərəfi də təsdiqləyib ki, Qarabağ Azərbaycandır və sülh tərəflənib. Geriyə sadəcə Ermənistan Konstitusiyasının dəyişdirilməsi qalır ki, paraflanan sülh rəsmi olaraq imzalanmış olsun". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
olaylar.az

1Sources