EN

Antonio Koştanın Bakıya səfəri Azərbaycanın regionda sülh və sabitliyin qorunmasında əsas ölkə kimi rolunu təsdiqləyir

Uğurlu diplomatiyamız və regionda yaratdığımız yeni geosiyasi reallıqlar Azərbaycanı Avropa İttifaqı üçün əvəzolunmaz tərəfdaşa çevirib. Bu kontekstdə başa çatmaqda olan həftənin ən önəmli siyasi hadisələrindən biri də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəridir. Bu səfər ölkəmizin qlobal geosiyasi və geoiqtisadi proseslərdə artan rolunun göstəricisidir. Azərbaycan ilə Aİ arasında münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi heç kimə sirr deyil. Antonio Koştanın ölkəmizə səfəri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın yaxın perspektivdə daha da genişlənəcəyini göstərir. Bu baxımdan A.Koştanın Bakıya səfəri mühüm siyasi mesajdır.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin paytaxtımıza səfərinin qrafiki də olduqca mühüm zaman kəsiyinə təsadüf edib. Belə ki, bu səfər dünyanın əsas neft və qaz ixracatçıları arasında yer alan və Azərbaycanın ən böyük qonşularından olan Rusiya və İranın müharibə çənbərində çabaladığı bir vaxtda baş tutub. Çevrəmizdə son dərəcə mürəkkəb beynəlxalq vəziyyətin hökm sürdüyü bir şəraitdə Azərbaycanın sabit neft və qaz tədarükçüsü imicini uğurla davam etdirməsi ölkəmizi həm Avropa İttifaqı üçün, həm də digər iqtisadi tərəfdaşlarımız üçün daha da cəlbedici edir. Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanmasını nəzərə alsaq, ölkəmizin Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli tərəfdaş olduğunu isbat etməyə ehtiyac qalmır.

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığın genişləndirilməsi, siyasi-iqtisadi münasibətlərin daha da güclənməsi təkcə Bakı və Brüsselin ikitərəfli ortaq maraqlarını əks etdirmir, həmçinin böyük bir geosiyasi arealda – Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sabitlik və əməkdaşlığın, ticarət və daşımaların, humanitar fəaliyyətlərin təşviqinə mühüm töhfə verir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Prezident İlham Əliyev arasında keçirilən görüş zamanı və onların mətbuata verdikləri bəyanatlarda Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlığın əsas istiqamətlərinə bir daha nəzər salındı.

Prezident İlham Əliyev həm ikitərəfli görüşdə, həm də mətbuata bəyanatında vurğuladı ki, hazırda Azərbaycan Avropa İttifaqı ilə müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olundu. Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu və hazırda ölkəmizin 10 Avropa ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi. Tərəflər arasında ticarət dövriyyəsi də sürətlə artır. 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb. Bu da bir daha onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticari tərəfdaşı olaraq qalır.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatın məzmunu Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirməklə yanaşı, həmçinin Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunması və regional əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından da mühüm siyasi əhəmiyyət daşıyır. Belə ki, Cənab Prezident çıxışında regionda yaranmış yeni siyasi reallıqlara da toxundu və Azərbaycanın cəmi yeddi aydır ki, sülh şəraitində yaşadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan hazırda müstəqillik tarixinin ən dinc dövrünü yaşayır və sülhün qalıcı olması üçün ölkəmiz tərəfindən güclü siyasi iradə nümayiş etdirilir. Ermənistanla paraflanmış sülh sazişi regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına zəmin yaradır. Artıq Azərbaycan ərazisindən Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin də aradan qaldırılması ölkəmizin sülhpərvər və konstruktiv mövqeyinin növbəti təzahürüdür. Bu addım regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi yolunda atılan strateji addımdır. Ermənistanla münasibətlərin normallaşması fonunda Orta Dəhlizin genişlənməsi və regional nəqliyyat layihələrinin reallaşması həm Azərbaycan, həm də Avropa üçün yeni iqtisadi imkanlar yaradır. Beləliklə, Azərbaycan real sülhə nail olunması üçün yalnız bəyanatlarla deyil, həm də konkret addımlarla öz mövqeyini nümayiş etdirir.

Bu baxımdan Antonio Koştanın səfərini Bakının regionda sülh quruculuğu prosesində həlledici roluna və səylərinə dəstək kimi də qiymətləndirmək olar. Bu dəstək A.Koştanın səfərinin ən mühüm siyasi tərəflərindən biridir. İndi hamı görür ki, Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi bərpa-quruculuq işləri və eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar Brüssel tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan bütün aspektlərdən regionun lider ölkəsi kimi qəbul olunur. Antonio Koştanın Bakıya səfəri Azərbaycanın regionda sülh və sabitliyin qorunmasında əsas ölkə kimi rolunu təsdiqləyir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri

Chosen
1
2
ictimairey.az

3Sources