EN

"Forumun geniş miqyas alması xarici siyasətimizin mühüm uğurlarından biridir"

Yazını böyüt
Yazını kiçilt

“Qlobal Bakı Forumu artıq beynəlxalq miqyasda mühüm siyasi platformaya çevrilib. Forum həm Azərbaycanın yerləşdiyi region, həm də digər regionlar üçün böyük əhəmiyyət kəsb edir”.

Bu barədə Hafta.az-a AQC-nin sədri, siyasi ekspert Vüqar Oruc bildirib.

V.Oruc deyib ki, Forumda dünyanın müxtəlif ölkələrindən sabiq prezidentlər, diplomatlar, dövlət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər:

"Forumun əsas məqsədi qlobal səviyyədə mövcud problemlərin müzakirəsi, müxtəlif ölkələr arasında dialoqun təşviqi və yeni ideyaların irəli sürülməsidir. Burada beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, iqlim dəyişiklikləri, enerji siyasəti və çoxtərəfli diplomatiya kimi aktual məsələlər ətrafında geniş müzakirələr aparılır".

Ekspert bildirib ki, belə bir qlobal tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq siyasi müzakirələrin mühüm mərkəzlərindən birinə çevrildiyini göstərir. Onun sözlərinə görə, ölkəmiz coğrafi baxımdan böyük dövlət olmasa da, belə mötəbər platformaların təşkili Azərbaycanın siyasi nüfuzunun və diplomatik imkanlarının genişliyini nümayiş etdirir:

“Bu təşəbbüsün həyata keçirilməsi eyni zamanda dövlət rəhbərliyinin siyasi iradəsi ilə bağlıdır və bu baxımdan İlham Əliyev tərəfindən yürüdülən fəal xarici siyasətin nəticələrindən biri kimi qiymətləndirilə bilər. Forumun yalnız siyasi deyil, iqtisadi baxımdan da əhəmiyyəti böyükdür. Çünki tədbirdə iştirak edən xarici qonaqlar və investorlar Azərbaycanla daha yaxından tanış olur, ölkənin iqtisadi potensialı və investisiya imkanları barədə məlumat əldə edirlər. Bu isə gələcəkdə yeni iqtisadi layihələrin və investisiya əlaqələrinin formalaşmasına şərait yaradır”- V.Oruc bildirib.

Ekspert hesab edir ki, belə beynəlxalq tədbirlər turizm və xidmət sektorunun inkişafına da müsbət təsir göstərir:

"Belə ki, Forum iştirakçıları Azərbaycanın otelləri, restoranları, xidmət infrastrukturu və ümumilikdə ölkənin turizm imkanları ilə tanış olurlar. Bu isə Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasına və gələcəkdə ölkəyə daha çox turist və investor cəlb olunmasına imkan yaradır. Eyni zamanda forum müxtəlif ölkələrdən olan biznes nümayəndələrinin də əlaqələr qurması üçün mühüm platforma rolunu oynayır. Burada yeni biznes əlaqələrinin yaradılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılır".

V.Oruc hesab edir ki, tədbirin ən mühüm tərəflərindən biri kimi onun beynəlxalq informasiya məkanında geniş işıqlandırılmasıdır:

“Çünki bu cür platformalar Azərbaycanın qlobal siyasətdəki rolunu və mövqeyini daha geniş auditoriyaya təqdim edir.

Hesab edirəm ki, forumun ildən-ilə daha geniş miqyas alması və beynəlxalq iştirakçılığın artması Azərbaycanın xarici siyasətinin mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər”.

Chosen
46
hafta.az

1Sources