EN

Tahir Budaqov səfirlərlə görüşdü - FOTOLAR

Martın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Kuba Respublikasının Prezidenti, Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Miqel Mario Dias-Kanel Bermudesin ölkələrimiz arasında bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan ikitərəfli münasibətlərin inkişafına böyük önəm verdikləri vurğulanıb. İqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm, aqrar və digər sahələrdə səmərəli əməkdaşlıq üçün mühüm potensialın mövcud olduğu qeyd edilib.

İki dost ölkənin hazırda mürəkkəb geosiyasi şəraitdə - yeni dünya nizamına transformasiya ərəfəsində fəal və konstruktiv siyasət həyata keçirərək milli təhlükəsizliyin və dövlət maraqlarının qorunması ilə bağlı prinsipial mövqe nümayiş etdirdikləri bildirilib. Regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan hallara qarşı qətiyyətli mübarizənin önəmi, həmçinin bütün məsələlərin dialoq və diplomatiya yolu ilə sülh şəraitində həllinin vacibliyi vurğulanıb. BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar səviyyəsində səmərəli işbirliyini davam etdirən Azərbaycan ilə Kubanın beynəlxalq hüquq normalarına əsaslanaraq bir-birinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək verdikləri qeyd olunub.  

Görüşdə dövlətlərarası münasibətlərin inkişafında Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyasının (KKP) rolu diqqətə çatdırılıb. 2025-ci ilin noyabr ayında YAP nümayəndə heyətinin Kubaya səfəri, eləcə də səfir Karlos Enrike Valdes de la Konsepsyonun ötən ilin oktyabrında YAP-ın ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakıda keçirilən tədbirində KKP-ni təmsil etməsi məmnunluqla xatırlanaraq məhsuldar görüşlərin keçirilməsinin, faydalı fikir və təcrübə mübadiləsi aparılmasının, partiyalar arasında çoxşaxəli əməkdaşlığın əsas istiqamət və prioritetlərini müəyyənləşdirən Əməkdaşlıq Sazişinin imzalanmasının əhəmiyyəti qeyd edilib. Sazişdən irəli gələn vəzifələrin icra olunması nəticəsində qarşıda duran hədəflərin gerçəkləşdiriləcəyinə inam ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.

***

Martın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarusun bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. Siyasi, iqtisadi, ticari, turizm, səhiyyə, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin dövlət başçıları - Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenkonun diqqət mərkəzində olduğu vurğulanaraq iki ölkənin qlobal müstəvidə bir-birinin mənafelərinin qorunmasına böyük əhəmiyyət verdikləri bildirilib. Beynəlxalq platformalarda qarşılıqlı dəstəyin müştərək strateji hədəflərin reallaşdırılması baxımından önəmi qeyd olunub.

Görüş zamanı Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunub. 2025-ci ilin may ayında YAP nümayəndə heyətinin “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə Minskdə keçirilən beynəlxalq partiyalararası konfransda, “Belaya Rus” Partiyası nümayəndələrinin isə YAP-ın təşkilatçılığı ilə ötən il Şuşada keçirilən beynəlxalq konfransda iştirakı məmnunluqla vurğulanıb. Ölkələrimizin səmimi dostluq münasibətlərinin hakim partiyalar arasında əlaqələrin inkişafına əlverişli zəmin yaratdığı qeyd olunaraq gənclər arasında da təmasların sıxlaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin də müzakirə olunduğu görüşdə səfir cari ilin may ayında “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə Brest şəhərində keçiriləcək “XXI əsrdə çoxqütblülük və müxtəliflik şəraitində dövlət suverenliyi və beynəlxalq münasibətlərin prinsipləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün YAP nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib.

Chosen
58
50
unikal.az

10Sources