EN

Türkiyəli nazirdən Azərbaycana həssas təşəkkür - VİDEO, FOTOLAR

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” panelində Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri, COP31-in Prezidenti Murat Kurum çıxış edib.

Musavat.com bildirir ki, türkiyəli nazir çıxışında enerji təhlükəsizliyinin və enerji ehtiyacının hər ölkə üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O bildirib ki, COP31 çərçivəsində bu məsələlər Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə müzakirə olunub və bütün prosesdə yaxın əməkdaşlıq nümayiş etdiriləcək:

“Bütün ölkələrin enerji ehtiyacını daxili imkanları ilə qarşılaya bilməsi, yəni enerji baxımından özünəyetən olması artıq zərurətdir. Hazırda dünyanın yaşadığı şərait bunu hər kəsə aydın göstərir”.

Nazir həmçinin Azərbaycan hökumətinə təşəkkürünü bildirib və Forum iştirakçılarının təcrübə mübadiləsi aparması üçün yaradılan mühiti yüksək qiymətləndirib.

“Biz bu gün də “Bir millət, iki dövlət” olmaqdan qürur duyuruq və Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçiririk. Həmçinin qəlbi hər zaman Azərbaycan üçün döyünən prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını və sevgisini bütün azərbaycanlı dostlara çatdırmaq istəyirəm”, – deyə Murat Kurum əlavə edib.

O, Forumun kritik vaxtda keçirildiyinə diqqət çəkərək, qlobal əməkdaşlıq dialoqunda atılan hər bir addımın əhəmiyyətini vurğulayıb.

“Ortaq fəaliyyətimiz yalnız iqlim böhranından çıxış yolları axtarışını deyil, həm də qlobal əməkdaşlıq potensialımızı artırmalıdır. Belə bir dövrdə həll yolları artıq seçim deyil, zərurətdir”, – deyə nazir bildirib.

Murat Kurum çıxışında Azərbaycanın 2024-cü ildə COP29 çərçivəsində sədrliyi ilə qlobal iqlim gündəliyində gözlənilməz uğurlar əldə etdiyini də qeyd edib.

Xalidə Gəray
Musavat.com

Chosen
39
2
musavat.com

5Sources