EN

Uşaqlı qadınla evlənənə münasibət birmənalı deyil: NİYƏ?

“Əfsuslar olsun ki, cəmiyyətimizdə oğlanların boşanmış, hətta uşağı olan xanımlarla evliliyi birmənalı qarşılanmır”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu yanaşma daha çox mədəni stereotiplər, ailə strukturu və sosial gözləntilərlə bağlıdır: 
“Bir çox cəmiyyətdə ideal ailə modeli “ilk evlilik” anlayışı ilə qəbul olunur. Yəni ilk evlilik dediyimiz zaman “tam bir evlilik” anlayışını formalaşdırılır. İlkdirsə, hər iki tərəf subay olmalıdır. Daha dəqiq desək, ilk evlilik zamanı “hər iki tərəf mütləq şəkildə subay olmalıdır” düşüncəsi var. Bu düşüncə tərzində kişi və qadının hər ikisinin ilk dəfə ailə qurması daha uyğun hesab edilir. Bu yanaşma səbəbindən boşanmış qadınla evlənən kişiyə bəzən “doğru bir seçim deyil, daha yaxşı seçim edə bilərdin, subay bir qız tapa bilərdin və ya heçmi subay qız yox idi?” kimi sözlər deyilir”.

Ekspert qeyd edib ki, bu baxış bucağını edən insanlar istər-istəməz subay oğlanın boşanmış qıza qarşı artıq ilk zamanından “tərs” baxış bucağı yaradır:
“Bundan başqa, boşanma bəzi mühitlərdə hələ də uğursuzluq və ya problem kimi qiymətləndirilir və sanki qadına qarşı sosial damğa vurulur. Hətta bu damğa bəzən onunla evlənən kişiyə də yönəlir. “Sən boşanmış qadınla evlənmisən” düşüncəsi kişiyə damğalanır.

Bundan başqa, uşağın məsuliyyət qorxusu da olur. Uşaqlı, ayrılmış bir qadınla evlənən zaman kişi xanımın uşağına qarşı məsuliyyət daşıdığı üçün sanki gələcək ailədaxili münasibətlərin mürəkkəbləşə biləcəyi düşüncəsi formalaşır. Yəni uşağın atasının bu ailəyə müdaxilə edə biləcəyi, münasibətlərin gərginləşmə və və yaxud əlaqələr təsir etməsi kimi ehtimallar narahatlıq doğurur. Bu narahatlıq ilk olaraq oğlanın ailəsi tərəfindən dilə gətirilir”.

Psixoloqun sözlərinə görə, bu qorxular bəzən reallıqdan çox psixoloji stereotiplərdən qaynaqlanır:
“Bütün bunlar psixoloji olaraq ötürülmüş inanclardır. Sonra kollektiv düşüncənin və sosial təzyiq nəticəsində cəmiyyətlərdə bəzən şəxsi qərarların deyil, qohumların və ətraf mühitin fikirləri nəzərə alınır. Bütün bunlara görə kişi belə bir evlilik qərarı verdikdə sosial təzyiq hiss edir. Üstəlik, sosial təzyiq hiss edə bildiyi üçün də çox vaxt qərarlarından vaz keçirlər. Bəzən heç qərarlarını belə ifadə etmirlər. Çox təəssüf ki, belə bir bərabərsizlik var”.

Lakin həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, boşanmış kişi yenidən evlənəndə cəmiyyət bunu daha normal qarşılayır, boşanmış qadına isə daha sərt yanaşılır:
“Bu isə cəmiyyətdə gender stereotiplərinin, yəni balansın pozulmasının göstəricilərindən biridir. Biz unuduruq ki, psixoloji baxımdan sağlam ailə münasibətləri tərəflərin keçmişindən deyil, onların emosional yetkinliyindən, qarşılıqlı hörmətindən və məsuliyyət hissindən asılıdır. Əslində, uşaqlı qadınla evlənən kişinin qərarı əslində daha yüksək empati, diqqət, anlayış və sosial məsuliyyət göstəricisi kimi qiymətləndirilə bilər.

Baxış bucağımızı bu cür şəkildə dəyişə bilərik. Sağlam ailə və münasibətin qurulması hər iki tərəfin emosional yetkinliyi, hörmət və empati deməkdir. Eyni zamanda, sağlam bir münasibət çərçivəsində ailə daxilində psixoloji təhlükəsizlik və dəstək deməkdir. Əsas məsələ insanların keçmişini mühakimə etmək deyil, onların birlikdə sağlam və təhlükəsiz emosional mühit qurmaq bacarığıdır. Hesab edirəm ki, biz həmin insanlara dəstək olmalıyıq”.

Pərviz

Chosen
16
hit.az

1Sources