EN

Sürücülər arasında daha çox rast gəlinən 5 təhlükəli vərdiş

Yol hərəkətində təhlükəsizlik təkcə qaydaların mövcudluğu ilə deyil, həmin qaydalara əməl olunması ilə təmin edilir. Təəssüf ki, bəzi hallarda sürücülər tərəfindən yol verilən diqqətsiz və məsuliyyətsiz davranışlar yollarda riskli vəziyyətlərin yaranmasına səbəb olur. Bəzən sürücülər həmin davranışların təhlükəli olduğunu hiss etməsələr də, məhz belə vərdişlər bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə zəmin yaradır.

SİA xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, yol hərəkətində təhlükəsizlik yalnız bir nəfərin deyil, bütün hərəkət iştirakçılarının məsuliyyətindən asılıdır: “Sükan arxasında verilən hər qərar, edilən hər manevr həm sürücünün, həm də başqalarının həyatına birbaşa təsir göstərir. Bu baxımdan bəzi vərdişlər var ki, onlar xüsusilə riskli hesab olunur və yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur”.

Şöbə rəisi sürücülər arasında daha çox müşahidə olunan bəzi təhlükəli vərdişlər barədə danışıb:

- Sükan arxasında telefondan istifadə etmək – mesaj yazmaq, sosial şəbəkələrə baxmaq və ya telefonla danışmaq sürücünün diqqətini yoldan yayındırır və qəza riskini əhəmiyyətli dərəcədə artırır.

- Ara məsafəsini düzgün saxlamamaq – xüsusilə sıx hərəkət şəraitində nəqliyyat vasitələrinin bir-birinə həddindən artıq yaxın məsafədə hərəkət etməsi çox vaxt toqquşmalarla nəticələnir.

- Sürət həddini aşmaq – yüksək sürət nəqliyyat vasitəsi üzərində nəzarəti çətinləşdirir, eyni zamanda hadisə baş verdiyi zaman nəticələrin daha ağır olmasına səbəb olur.

- Yorğun və yuxusuz halda avtomobil idarə etmək – uzun müddət fasiləsiz sükan arxasında olmaq sürücünün diqqətinin zəifləməsinə, reaksiya vaxtının gecikməsinə və təhlükəni vaxtında qiymətləndirə bilməməsinə səbəb olur.

- Riskli və tələsik manevrlər etmək – zolaqları tez-tez dəyişmək, təhlükəli ötmə hərəkətləri etmək və digər hərəkət iştirakçılarının hərəkətini nəzərə almamaq yolda ciddi təhlükə yaradır.

“Yol hərəkəti hər birimizin iştirak etdiyi ümumi bir sistemdir və həmin sistemdə təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. Onun sözlərinə görə, sükan arxasında diqqətli və intizamlı olmaq təkcə şəxsi təhlükəsizliyin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir”, - deyə R. Tağıyev bildirib.

Chosen
22
10
sia.az

10Sources