Bir vaxtlar bazarlarda Xaçmaz pomidoru, Quba alması, Zaqatala fındığı, Sabirabad qarpızı kimi yerli məhsullar üstünlük təşkil edirdi. İndi isə mənzərə xeyli dəyişib. Alıcılar yerli məhsul axtarsalar da, çox vaxt piştaxtalarda xaricdən gətirilən meyvə və tərəvəzlərlə qarşılaşırlar.
Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bazarlarda əsasən xarici məhsullar satılır. Onlar bildirirlər ki, yerli məhsulun həcmi azdır və bazarı tam təmin etmir. Bu səbəbdən də piştaxtalarda daha çox idxal məhsullarına rast gəlinir. Satıcıların dediyinə görə, bazarda yerli məhsullar əsasən kələm, kök və bəzi digər tərəvəzlərlə məhdudlaşır. Digər məhsulların böyük hissəsi isə xaricdən gətirilir. Bu məhsullar arasında xüsusilə İran istehsalı olan meyvə və tərəvəzlərə tez-tez rast gəlinir.
Ekspertlər isə hesab edirlər ki, yerli məhsulların bazarda az olması həm iqtisadi, həm iqlim, həm də infrastruktur problemləri ilə bağlıdır. Suvarma resurslarında yaşanan çətinliklər və kənd təsərrüfatı sahəsində mövcud problemlər nəticəsində xarici ölkələrdən gətirilən meyvə və tərəvəzlər bazarda daha çox üstünlük qazanır.
Bununla belə, mütəxəssislər yaxın illərdə vəziyyətin dəyişə biləcəyini düşünürlər. Onların fikrincə, azad edilmiş ərazilərdə böyük kənd təsərrüfatı təsərrüfatlarının yaradılması yerli istehsalın artmasına müsbət təsir göstərə bilər. Proqnozlara görə, yaxın 10 ildə daxili bazarda yerli məhsulların payı artaraq üstün mövqeyə çıxa bilər.
Məhsuldarlığın aşağı olmasına təsir edən amillərdən biri də soyuducu anbarların sayının kifayət qədər olmamasıdır. Azərbaycanda məhsulların yığım dövründə saxlanılması üçün lazımi infrastrukturun yetərli olmaması yerli məhsulların mövsüm zamanı çox ucuz qiymətə satılmasına səbəb olur. Bu isə həm fermerlərin gəlirlərini azaldır, həm də ixrac imkanlarını məhdudlaşdırır. Nəticədə qısa müddət sonra daxili bazarda idxal məhsullarının payı yenidən artır.
Məlumata görə, ölkədə mövcud olan bəzi anbarların bir hissəsi artıq fəaliyyət göstərmir və ya tam gücü ilə işləyə bilmir.
Mütəxəssislər hesab edirlər ki, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin yenilənməsi və fermerlərə daha geniş dövlət dəstəyinin göstərilməsi vacibdir.
Elcan Turan
Day.Az