EN

İtaliya strateji neft ehtiyatlarını bazara çıxarır

Müəllif:Mehin Qasımova,Banco.az

İtaliyanın Energetika və Ətraf Mühit Nazirliyi beynəlxalq enerji bazarlarında sabitliyi qorumaq məqsədilə strateji neft ehtiyatlarının bir hissəsinin bazara çıxarıldığını açıqlayıb.

Banco.az xəbər verir ki, Nazirliyin məlumatına görə, Beynəlxalq Enerji Agentliyi (IEA) üzv dövlətləri arasında əldə olunmuş razılaşma çərçivəsində İtaliya üçün ayrılmış 9 milyon 966 min barel neft bazara çıxarılacaq.

Açıqlamada bildirilib ki, bu addım beynəlxalq enerji bazarlarının sabitləşdirilməsinə dəstək məqsədi daşıyır. Həmçinin qeyd olunub ki, buraxılacaq həcm agentlik ölkələrinin mövcud enerji böhranını aradan qaldırmaq üçün ayırdığı ümumi strateji ehtiyatların təxminən 2,5 faizinə bərabərdir.

Nazirlik vurğulayıb ki, bu qərara baxmayaraq, İtaliyanın strateji neft ehtiyatları hələ də qənaətbəxş səviyyədə qalır, Avropa üzrə öhdəliklərə uyğundur və ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün kifayət edir.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol dünən üzv dövlətlərin 400 milyon barel strateji neft ehtiyatının bazara çıxarılması barədə razılığa gəldiyini açıqlayıb. Bu qərar təşkilatın tarixində ən böyük həcmdə ehtiyatın azad edilməsi kimi qiymətləndirilir.

Məlumata görə, IEA üzv ölkələrinin bu addımı təşkilatın 1974-cü ildə yaradılmasından bəri altıncı belə qərardır. Bundan əvvəl oxşar qərarlar 1991, 2005, 2011-ci illərdə və iki dəfə 2022-ci ildə, o cümlədən Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qəbul edilmişdi.

Chosen
14
banco.az

1Sources