EN

Trump və Hacı Çələbi-BƏHRUZ HƏSƏNOV YAZIR

Şəki xanı Hacı Çələbi igid adam idi, o, digər xanlıqları öz bayrağı altında birləşdirmək, şahmat taxtası kimi xanlıqlara bölünmüş ölkədə vahid dövlət yaratmaq, idarəetməni mərkəzləşdirilmək üçün ciddi səylər göstərmişdi.

1747- ci ildə Pənahəli xanın 200 süvari ilə qurduğu və getdikcə güclənən Qarabağ xanlığı isə Hacının yuxusunu ərşə çəkir, ovqatını təlx edirdi
Üstəgəl, Pənahəli xanla ixtilaf yaşayan erməni Xəmsə məliklərindən ardıcıl məktublar gəlirdi: ” Sadiq təəbələrin…”
Hacı Çələbi düşünürdü ki, Pənahəli xanın yeri elə sürgündür və onun Qarabağda möhkəmlənməsinə imkan vermək olmaz. Ümumiyyətlə, Hacı Çələbi olan yerdə başqa xana nə ehtiyac var?
Nəhayət, 1748 ci ildə Çələbi xan bir neçə xanlıqdan dəstək alaraq, Xəmsə məlikliklərindən də döyüşçülər toplayaraq Pənahəli xanın yeni tikdiyi, hələ möhürü bərkiməmiş, palçığı qurumamış Bayat qalasının üzərinə hücuma keçdi.
Bir neçə günə qələbə ilə bitəcəyi planlaşdırılan döyüşlər bir ay çəkdi, Bayat qalası möhkəm müqavimət göstərdi.
Pənahəli xan qılıncı yerə qoymadı, ümumiyyətlə, qınına qoymadı.
Hacı Çələbi döyüşü davam etdirə bilmədi, uğursuzluğunu qəbul edib geri çəkildi…
Atın üstündə bikef-bikef Şəkiyə üz tutan Xan, qəfil yüyəni çəkdi, geriyə döndü və uzaqdan silueti görünən Bayat qalasını kədərlə süzərək, sonradan el arasında zərb-məsələ çevrilən bu sözləri söylədi: “Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq”
Məncə, bu müdriklikdən doğan etiraf idi…
Sonralar el arasında bu məsəl bəzən ” Pənahəli xan idi, biz onu şah edib qayıtdıq” kimi də tələffüz olundu.
ABŞ-İsraiı İttifaqının İrana hücum etdiyi ərəfədə Prezidet Trump bir neçə günə İran teokratik rejiminin məhv olacağını iddia edirdi.
Təbii, İrana edilən hücumun miqyası belə düşünməyə əsas verirdi.
Amma artıq 12 gündür davam edən qanlı müharibədə rejimin rəhbəri, ideoloqu məhv edilsə də, hərbi-siyasi rəhbərlər “bildirçinin darı dənləndiyi ” kimi dənlənsə də İranın, daha doğrusu rejimin müqaviməti qırılmayıb.
Artıq müharibənin nəinki günlərə, hətta həftələrdə, aylara yayılması ehtimalından bəhs edilir.
İranın döyüşü uduzacağı şübhəsizdir; bəs müharibəni necə?
Obyektiv və subyektiv səbəblərdən teokratik rejim 47 ildir hakimiyyətini sürdürsə də beynəlxalq birliyin nəzərində tam olaraq legitimləşməyi bacarmamışdı.
Hətta İslam dünyası da hər zaman Ayətulllah rejiminə məsafəli davranıb, ən yaxşı halda onun bir gün devrilməsini arzu edib, bəzi İslam ölkələri zaman-zaman bu istiqamətdə açıq və ya gizli proqramlar həyata keçiriblər.
Müharibənin davam etdiyi hər gün isə rejim istər beynəlxalq birliyin nəzərində, istər İslam dünyasında, istərsə də ölkə daxilində legitimləşir.
Artıq onun “kafirlər” tərəfindən şəhid edilən lideri-imamı var və bu imam ərəb deyil.
Yeni Ayətullahın bu gün xalqa müraciətində bir cümlə diqqətimi çəkdi: “Ayətullah Xamnei quran oxuyarkən şəhid olub”.
( Birazdan iddia ediləcək ki, dini mətnlərdə bu haqda işarə var)
Xamnei artıq simvoldur!
Teokratik üsul-idarənin davamlılığı, teoloji ideologiyanın təbliğatının effektliyinin təmin olunması üçün bu əvəzsiz materialı Trump köhnəlmiş narrativlərlə xalqı idarəetmədə çətinlik çəkən ruhani bürokratiyaya hədiyə etdi…
Etiraf edək ki, mülki əhalinin, xüsusən, məktəbli uşaqların qətl edilməsi kimi faciəvi hadisələr də İran xalqının mütləq əksəriyyətini hakimiyyət ətrafında birləşməyə sövq etdi…
Əgər hazırda davam edən müharibə rejimin süqutu ilə nəticələnməsə bir neçə ildən sonra biz milyonlarla müsəlman zəvvarın qisas və kədər hislərinə köklənmiş halda qəzəbli cihad çağırışları hayqıraraq Xamneinin məzarını ətrafında dövrə vurduğunu izləyəcəyik.
Tədricən, xalqın hakimiyyət qarşısında tabeçiliyi, kult qarşısında mütləq itaətlə əvəzlənəcək.
Trump məqsədinə çatmasa Rejim yenidən doğulacaq, daha güclü , daha konseptual ideoloji proqramla, təsirli narrativlərlə fəaliyyətinin yeni müstəvisinə qədəm qoyacaq.
Təbii, sanmıram ki, ABŞ prezidentinin hansısa müdrik etirafını dinləyə biləcəyik, amma hadisələrin rejim lehinə nəticələndiyi proseslə qarşı-qarşıya qalsaq, ABŞ prezidentinə xitabən və Hacı Çələbidən təsirlənərək fikrimizi belə ifadə edə bilərik : “İranda üləma rəhbər idi, siz onu şəhid edib qayıtdınız”
Şəhidlik isə İslam aləmində ən ali mərtəbədir.

Chosen
72
veteninfo.az

1Sources