EN

İsveç nüvə çəkindirməsi məsələlərində Fransa ilə dialoq üçün komanda hazırlayır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 13 mart, AZƏRTAC

İsveç hökuməti nüvə çəkindirməsi məsələləri üzrə Fransa ilə daha geniş dialoqda iştirak etmək üçün xüsusi komanda formalaşdırır.

AZƏRTAC xəbər verir ki, danışıqlarda Danimarka, Almaniya, Polşa və Niderland da daxil olmaqla bir neçə Avropa ölkəsinin iştirak etməsi planlaşdırılır.

Baş nazir Ulf Kristersson bildirib ki, söhbət hökumət nümayəndələrinin, ekspertlərin və müxalifətin iştirak etdiyi genişmiqyaslı və diqqətlə hazırlanmış prosesdən gedir.

“Hazırda bu dialoqda İsveçi təmsil edəcək və müxtəlif kompetensiyalara malik şəxslərdən ibarət qrupun dəqiq tərkibini müəyyənləşdiririk. Eyni zamanda görürəm ki, Finlandiya və Norveçdə də eyni istiqamətdə addımlar atılır və hazırda gördüyümüz işlərə dəstək var”, – deyə baş nazir qeyd edib. Onun sözlərinə görə, gələcək danışıqların nəticələri barədə danışmaq hələ tezdir.

Təşəbbüs ölkə daxilində siyasi müzakirələrə səbəb olub. Sosial-demokrat Partiyasının lideri Maqdalena Andersson daha əvvəl də İsveçin bu dialoqda iştirakına dair şübhələrini ifadə etsə də, milli təhlükəsizlik məsələlərində siyasi qüvvələr arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Xarici işlər naziri Mariya Malmer Stenerqardın sözlərinə görə, Fransa ilə danışıqlar başlamazdan əvvəl hökumət və müxalifət arasında aparılan dialoq konstruktiv olub və o, tərəflərin müzakirələri davam etdirməyə hazır olmasını müsbət qiymətləndirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron martın əvvəlində ölkənin nüvə arsenalını modernləşdirmək istəyini bəyan edib. Qlobal təhdidlərin artması fonunda Avropanın nüvə çəkindirmə strategiyasının gücləndirilməsinin zəruriliyini vurğulayaraq, Fransa nüvə qüvvələrinin müttəfiq ölkələrin ərazisində müvəqqəti yerləşdirilməsi ehtimalını da istisna etməyib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
1
azertag.az

2Sources