EN

ABŞ senatoru: Yaxın Şərqdə ABŞ hərbi gücünün də hüdudları var

ABŞ-da bəzi siyasətçilər Vaşinqtonun Yaxın Şərqdə apardığı hərbi siyasəti və İranla qarşıdurmanın mümkün nəticələrini açıq şəkildə tənqid etməyə başlayıblar.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ senatoru Kris Mörfi Yaxın Şərqdə hərbi gücə həddindən artıq arxalanmanın ciddi risklər yaratdığını bildirib.

Onun sözlərinə görə, müharibə tərəfdarları ABŞ hərbi gücünün regiondakı real imkanlarını və məhdudiyyətlərini nəzərə almırlar.

“Yaxın Şərqdə ABŞ hərbi gücünün hüdudlarını anlamamaq bağışlanmazdır”, – deyə senator bildirib.

Mörfi qeyd edib ki, Vaşinqton bu regionda dəfələrlə eyni səhvləri təkrarlayır.

“Biz eyni səhvləri yenə və yenə təkrarlayırıq. Hələ də Yaxın Şərqdə hərbi müdaxilələrin siyasi reallıqları dəyişdirmək baxımından nə qədər məhdud təsirə malik olduğunu tam dərk etməmişik”, – deyə o vurğulayıb.

Senator xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyətə diqqət çəkərək bildirib ki, ABŞ hərbi gücü İranın bütün imkanlarını tam şəkildə neytrallaşdırmaq iqtidarında deyil.

Onun sözlərinə görə, ABŞ İranın iri hərbi gəmilərini məhv edə bilər, lakin bu problemi həll etmir.

“Onların çoxlu sürətli katerləri var. Onlar suya minalar yerləşdirə bilərlər. Bu minalar orada olduğu müddətdə biz onları kifayət qədər tez təmizləyə bilmirik ki, ticarət gəmiləri boğazdan təhlükəsiz keçə bilsin”, – deyə Mörfi bildirib.

Senator əlavə edib ki, ABŞ donanmasının həmin ərazidə gündəlik hərəkət edən 60-110 neft tankerinin hamısını müşayiət etməsi də praktiki olaraq mümkün deyil.

Onun fikrincə, Yaxın Şərqdə problemlərin həlli yalnız hərbi gücə arxalanmaqla mümkün deyil və Vaşinqton bu reallığı nə qədər tez qəbul etsə, bir o qədər yaxşı olacaq.

Musavat.com

Chosen
53
50
musavat.com

10Sources