EN

Əcnəbi lotunun bioenerjisi və “oqromnaya tolpa”sı

Sonra da deyirlər ki, yox e, Mirzə Cəlil düz eləməyib, yazdığı əsərlərdə xalqı aşağılayıb.

Ustad necə düz eləməyib ki, ölkə indinin indisində də hozuluq edən xudayar bəylərlə, avam novruzəlilərlə, bir quzunu xana 3 dəfə satan, axırda özü yeyənlərlə, böyüklərin qabağında küçüklənən, nökərini xəncərlə qorxudan qurbanəlilərlə doludur. Hətta o cür personajlar daha çox artıblar.

Budur, bir Şeyx Nəsrullah da Özbəkistandan gəlib.

Ad-soyadı İqbol Soliyev olan bu şəxs “loğman”mış, əlində “bioenerji” varmış. Bizim tibb akademikinin dediklərinə məhəl qoymayan, amma 9-cu sinifə qədər bir dəfə lövhə qarşısına çıxıb dərs danışmayan, ondan sonra isə məktəbə getməyin daşını bilmərrə atan, özünü ekstrasens elan edənlərin növbəsində saatlarla gözləyən camaatımız özbək “loğman”ın qəbul növbəsində izdiham yaradıbmış. Bionerji terapiyası almaq istəyənlər o qədər çox olub ki, rusdilli özbək mediası Soliyevdən ötrü klinikanın qarşısına yığılanları “oqromnaya tolpa” adlandırır və adam onu oxuyanda xəcalət çəkir.

Hüquq-mühafizə orqanlarımız əvvəlcə elə biliblər ki, Bİ ES VİP adlanan klinikada sanksiyalaşdırılmamış mitinq, piket keçirilir. Amma sonra görüblər ki, yox, insanlar şəfa tapmaq ümidilə əcnəbi “loğman”ın ətəyindən yapışıblar. Yüngülvari araşdırmadan sonra adamın dələduz olduğu məlum olub.

(Öz aramızdır, “dələduz” deyəndə nəsə xəfif çıxır, “moşennik” daha güclü, ifadəli səslənir, icazə verin, indən belə “moşennik” ifadəsindən istifadə edim).

Demək, bu özbək “moşennik” Soliyev uzun müddətdir ki, öz ölkəsində də hüquqi problemlər yaşayırmış, onun Özbəkistandakı fəaliyyəti bir sıra inzibati icraatlarla müşayiət olunub. arada lisenziyasız xidmət göstərdiyinə görə inzibati məsuliyyətə də cəlb edilib. Soliyevin Özbəkistan Ənənəvi Tibb Assosiasiyası tərəfindən verilmiş sənədlərinin müddəti 2024-cü ildə başa çatıbmış, adam ənənəvi yolla xalqı müalicə edə-edə gəzirmiş.

Belələri öz ölkəmizdə də var, başqa ölkələrdə də az deyil. Bu cür adamlara inananlar, ətək-ətək pulundan keçənlər də çoxdur. Adamı yandıran “oqromnaya tolpa” olmağımız və uzaqlardan gəlmiş bir “moşennik”in qəbulunda basabas salmağımızdır.

Belə anlaşılır ki, böyük mirzələrin onca yazdığı maarifləndirici əsərlər boşunaymış. İndi heç o əsərləri oxuyan da yoxdur ki, adamların gözü açılsın, pirlərin, ocaqların kəramətinə inanmasın. İndi UZİ, süni mayalanma, orqan köçürülməsi dövrüdür. Müasir tibb nələrə qadir olduğunu hər gün göstərir. Amma yenə gözümüz öz adını balaca hərflə başlayıb yazan fırıldaqçıların “enerjili əlləri”ndədir.

Birdəfəlik bilmək lazımdır ki, dünya üzərində əlində tibbi müalicəyə yararlı bioenerji daşıyan insan yoxdur. Bəzi fenomenal, ekstra qabiliyyəti, məziyyəti olan milyonda bir insan ola bilər, amma bu, o demək deyil ki, onun həmin özəlliyi xəstə insanları müalicə etməyə yarayır. Yoxdur belə bir şey. Elmi əsası olmayan “möcüzə” fırıldaqdır.

Keçmişdə ərə gedəndən 9 ay sonra uşağı olmayan gəlinləri ocağa, pirə, ibəyə, seyid yanına aparırmışlar, bir müddətdən sonra övlad dünyaya gəlirmiş, oğlandırsa, adı olurmuş: Ocaqverdi, İbəverdi, Pirverdi, Ağaverdi. Yox bir Cüzeppe Verdi. (Hərçənd “loğman” İtalyadan gəlmiş Cüzeppe adlı şəxs olsa, Cüzeppeverdi adı qoyardılar). İnsanlar ürəkdən inanırmışlar ki, bu övlad gəlinin boyuna məhz o ziyarətlərdən sonra düşüb. Elədirsə, mahalda gəzmədiyi ocaq, pir, ibə, seyid qalmayan gəlinlərin övladı niyə olmurdu?

Ona da belə bir daşdan keçən izahat var: “Allahın məsləhəti beləymiş”.

Yaxşı, bəs Allahın o soysuz gəlinlərlə intriqası nədir ki, hamıya övlad verir, onlara vermir? Bu suala da cavab var: “Ta biz onun işinə qarışa bilmərik”.

Məhz bu cür cahil düşüncələr üzündəndir ki, Kokanddan gələn Soliyev insanları kütləvi şəkildə soyurmuş. Polis müdaxilə etməsə, o, qısa müddətdə buradan milyonçu olub gedəcəkdi, gedib ordakı başqa dələduz-“loğman”ları da həvəsləndirəcəkdi ki, o tərəfdə bir lox camaat var, 150-si birdən növbəyə durur.

Halbuki bizim mütəfəkkirlər 100-150 il öncə əcnəbi və yerli lotuları lazımınca ifşa ediblər. Onların yazdıqlarını oxumaq lazımdır.

**

Dünya köhnə dünyadır, “moşennik”ləri təzədir.

Chosen
82
musavat.com

1Sources