EN

Britaniya müxalifəti Starmeri istefaya çağırıb

BAKI, 13 mart. TELEQRAF

Böyük Britaniyada müxalifətdə olan Mühafizəkarlar Partiyasının lideri Kemi Beydnik baş nazir Kir Starmerin istefaya getməli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Beydnik Starmeri parlamentdə Böyük Britaniyanın ABŞ-dəkı səfiri vəzifəsinə Piter Mandelsonun təyin olunması proseduru ilə bağlı yanlış məlumat verməkdə ittiham edib.

Böyük Britaniya Nazirlər Kabinetinin katibliyi martın 11-də Mandelsonun ABŞ-yə səfir təyin olunması proseduru ilə bağlı ilk sənədlər paketini dərc edib. Sənədlərdən məlum olub ki, Starmer bu qərarı qəbul edərkən Mandelsonun amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrini davam etdirdiyini bilib. Epşteyn daha əvvəl yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qalmaqalda ittiham olunmuşdu.

“Baş nazirin indi güzgüyə baxa bilməsi məni çox təəccübləndirir. Aydındır ki, o, Piter Mandelsonun təyinatı barədə dəfələrlə yalan danışıb. Bu artıq Mandelson məsələsi deyil, baş nazirin səriştəsi ilə bağlı məsələdir. O, parlamentə və ölkəyə qarşı səmimi olmayıb”, - deyə Beydnik jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl Starmer Mandelsonun ABŞ-yə səfir təyin edilməsindən peşman olduğunu bildirib. O, İcmalar Palatasında çıxışı zamanı həmin təyinatı təklif edərkən Mandelsonun Epşteyn ilə əlaqələrinin miqyası barədə məlumatlı olmadığını iddia edib. Baş nazir daha sonra bu qərarı səhv adlandıraraq Epşteynin qurbanlarından üzr istəyib.

Mandelson 2025-ci ilin fevralında Böyük Britaniyanın ABŞ-dəkı səfiri təyin olunub. Lakin Epşteyn ilə əlaqələri barədə yeni məlumatlar ortaya çıxdıqdan sonra həmin ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılıb.

Qalmaqal fonunda Böyük Britaniya baş nazirinin aparat rəhbəri Morqan Maksuini də istefa verib. Britaniya mediasında isə Starmerin yaxın vaxtlarda vəzifəsini tərk edə biləcəyi barədə müzakirələr güclənib.

Chosen
96
teleqraf.com

1Sources