ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə daxil olub. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, tərəflər müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. Avropa Komissiyası üzvlərinin Azərbaycana tez-tez səfərləri və siyasi dialoqun intensivləşməsi bu əməkdaşlığın institusional xarakter aldığını göstərir. İqtisadi göstəricilər də bu münasibətlərin strateji xarakterini təsdiqləyir. Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizinin Avropa İttifaqı ilə bağlı olması Aİ-nin ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu göstərir.
Bu isə gələcəkdə yeni investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı sərmayələrin artması üçün ciddi zəmin yaradır. Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən biri enerji sahəsidir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi bu sahədə əlaqələrin daha da genişlənməsinə imkan yaradıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını idxal edir və ümumilikdə 16 ölkə Azərbaycan qazından istifadə edir. Bu göstərici Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixrac edən əsas ölkələrdən biri olduğunu təsdiqləyir. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edir.
Cənab Prezident açıqlamasına görə, yaxın iki-üç il ərzində yeni yataqlardan hasilatın başlanması ilə qaz hasilatı daha da artacaq və mövcud həcmə əlavə olaraq ən azı 10 milyard kubmetr qazın ixracı mümkün olacaq. Bu isə Avropa bazarında Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Enerji əməkdaşlığının digər mühüm istiqaməti bərpaolunan enerji sahəsidir. Azərbaycan son illərdə külək, Günəş və hidroenerji layihələrinə böyük sərmayələr yatırır.
Ölkənin coğrafi və iqlim xüsusiyyətləri bu sahədə böyük potensial yaradır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın planı növbəti 5–6 il ərzində ixraca hazır 6–8 giqavatlıq bərpaolunan enerji potensialına malik olmaqdır. Bu isə Azərbaycanın təkcə karbohidrogen resursları ilə deyil, həm də “yaşıl enerji” ilə Avropa bazarına çıxışını təmin edə bilər. Bu istiqamətdə ötürülmə xətləri, dəniz dibi kabelləri və digər enerji infrastrukturu layihələri üzərində iş aparılması Azərbaycanı regionun enerji mərkəzlərindən birinə çevirə bilər. Dövlət başcımız çıxışında diqqət çəkən məqamlardan biri də regionda nəqliyyat və logistika imkanlarının genişlənməsi ilə bağlı idi.
Ermənistanla paraflanmış sülh sazişindən sonra regionda yeni iqtisadi və nəqliyyat imkanlarının açılması gündəmə gəlib. Orta Dəhlizin genişlənməsi həm Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyət daşıyır. Bu marşrut Asiya ilə Avropa arasında alternativ və daha qısa nəqliyyat xətti kimi getdikcə daha böyük rol oynayır. Azərbaycanın bu dəhlizdə əsas tranzit ölkə kimi mövqeyi isə onun geoiqtisadi əhəmiyyətini daha da artırır.
Prezident cənab İlham Əliyevin bəyanatında Ermənistanla münasibətlərin normallaşdırılması prosesi də mühüm yer tutur. Dövlət başçısı qeyd edib ki, Azərbaycan cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır və artıq bunun müsbət nəticələri hiss olunur. Azərbaycanın Ermənistana neft məhsullarının tədarükünə başlaması və digər ölkələrdən bu ölkəyə gedən yüklərin tranzitinə məhdudiyyətlərin aradan qaldırılması Bakının sülhə real addımlarla sadiq olduğunu göstərir. Bu yanaşma regionda iqtisadi əməkdaşlıq və qarşılıqlı etimadın formalaşmasına xidmət edir.
Prezident cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri strateji əməkdaşlıq mərhələsinə daxil olub. Enerji təhlükəsizliyi, bərpaolunan enerji, ticarət, nəqliyyat və regional sülh kimi istiqamətlər bu əməkdaşlığın əsas sütunlarını təşkil edir. Mövcud dinamika göstərir ki, Azərbaycan həm Avropanın enerji təhlükəsizliyində, həm də Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat layihələrinin formalaşmasında mühüm rol oynayan ölkələrdən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Tahir Mirkişili
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.