EN

Türkiyənin müharibəyə daxil olmasını istəyən qüvvələr var" - İsmail Cingöz

"İran tərəfindən Türkiyə istiqamətinə atıldığı ehtimal edilən və Türkiyə hava məkanında məhv edilən raketlərlə bağlı İrana daha diqqətli olmaları barədə xəbərdarlıq edildi. Çünki İran "biz bu raketləri Türkiyə tərəfinə atmadıq" desə də, mövcud texnoloji imkanlarla bu raketlərin İran tərəfindən, Xəzərin cənub bölgəsindən atıldığına dair güclü sübutların olduğu beynəlxalq mətbuatda qeyd olunur. Türkiyə bu məsələdə İrana diqqətli olmalarını, əgər bu proses davam edərsə, Türkiyənin özünü müdafiə etmək imkan və qabiliyyətinin olduğunu və beynəlxalq haqları ilə Türkiyənin adekvat cavab vermə hüququnun olduğunu prezident Ərdoğan xatırlatdı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz səsləndirdi.

Onun sözlərinə görə, İran tərəfində nəzarəti tam təmin edə bilmədiyi ehtimal olunan bəzi hərbi birləşmələrdən Türkiyə tərəfinə raket atıldığına dair işarələr də var:

"İranın idarəetməsində çoxbaşlılığın olması, ABŞ tərəfindən vurulan İranlı komandir heyətinin itkisinin yaratdığı zəifliklər və bununla bərabər İsrail ilə əlaqələrinin olduğu və ya ABŞ kəşfiyyatı ilə təmasda olduğu düşünülən bəzi hərbi strukturların Türkiyə və Azərbaycana doğru dron və ya raket zərbələri ilə Türkiyəni təxribata çəkməyə çalışdıqları ehtimal edilir".

Müsahibimiz əlavə etdi ki, ABŞ və İsrailin İran məsələsində gözlənilən uğuru qazana bilməməsi, ABŞ-nin Avropadakı müttəfiqlərindən, NATO-dan və Körfəz ölkələrindən gözlədiyi dəstəyi görməməsi səbəbindən bu məsələyə Türkiyəni də qatmaq istəyirlər.

"Türkiyənin NATO üzvü olması səbəbindən onu bir şəkildə bu prosesə cəlb etmək istəyən ABŞ tərəfdarı və ya İsrailin nəzarətində olduğu düşünülən bəzi kəşfiyyat strukturlarının Türkiyəni narahat edərək NATO adına bu müharibəyə daxil etmək və bütün NATO ölkələrinin bu müharibəyə qoşulması üçün yollar axtardıqları yönündə fikirlər formalaşır. Tarixdə "Saxta Bayraq" əməliyyatı kimi tanınan bir əməliyyatla guya İran tərəfindən atılıb təəssüratı yaradaraq Türkiyənin NATO adına bu müharibəyə daxil olmasını istəyən tərəflərin olduğu da ehtimal edilir. Lakin İran tərəfi sırf Türkiyədə ABŞ və ya NATO bazası var deyə Türkiyəyə raket atırsa, bu böyük bir səhvdir. Qaldı ki, İran İslam Əməkdaşlıq Təşkilatı üzvlərindən gözlədiyi dəstəyi görmədiyi bir vaxtda, Türkiyə və Azərbaycandan İrana dəstək gələrkən, Türkiyə və Azərbaycana dron hücumu və raket atılması, əlbəttə ki, çox yanlışdır. Bu mövzuda cənab Ərdoğan və cənab Əliyev İranı sərt şəkildə xəbərdar ediblər".

Politoloq onu da qeyd etdi ki, Türkiyədə yerləşən NATO bazaları ABŞ-nin bazası deyil:

"NATO bazası olduğu üçün İran bunu Körfəz ölkələrindəki ABŞ bazaları ilə qarışdırmamalıdır. Əgər Türkiyədəki NATO bazalarına "Amerikanı vururuq" adı altında hücumlar təşkil edilərsə, NATO bütövlükdə bu işə daxil olar. Yəni, İran bunu bilərək edirsə, bu onun üçün intihar deməkdir. Əgər bu, nəzarətdən çıxmış birliklər tərəfindən edilirsə, İran dərhal komandanlıq səviyyəsindəki zəiflikləri aradan qaldırmalıdır. Yaxud da İsrail və ya ABŞ kəşfiyyatı tərəfindən yönləndirilən şəxslər tərəfindən edilirsə, İran bu agentləri dərhal təmizləməlidir. Türkiyə və Azərbaycanın bu müharibəyə cəlb edilməsi İranın məhvi mənasına gələcək. Xəbərdarlıqlar bu yöndə edilib və Türkiyə ilə Azərbaycan dövlət başçıları etdikləri bəyanatlarla İranı xəbərdar etməkdə haqlıdırlar. Beynəlxalq hüquq və mehriban qonşuluq münasibətləri İranın daha diqqətli olmasını tələb edir".

Xədicə BAXIŞLI

Chosen
54
1
redaktor.az

2Sources