Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyənin birinci Qarabağ müharibəsi dövründə Kəlbəcərdə mühasirəyə düşən mülki əhalinin çıxarılması üçün helikopter verməkdən imtina etməsi barədə çox danışılır.
Azpost.info bildirir ki, AXC hökumətinin sabiq rəsmilərindən olan, Prezident Administrasiyasının Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə sabiq dövlət müşaviri Arif Hacılı bununla bağlı şahidi olduğu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, baş vermiş bu hadisə ilə bağlı çoxlu yanlışlıqlar və təhriflər var.
“Açıq hiss olunur ki, bu məsələdən xalqımızda yalnız o dövrdə Baş Bakan olan Süleyman Dəmirələ qarşı deyil, bütövlükdə Türkiyəyə qarşı mənfi rəy yaratmağa çalışanlar var. Odur ki, birbaşa iştirakçısı oıduğum bu hadisə barədə daha ətraflı yazmağı vacib bildim.
1993-cü il aprel ayının ilk günlərində Ermənistanın silahlı dəstələri Kəlbəcər rayonu istiqamətində ərazimizə hücum etdi. Sürətlə irəliləyən erməni ordusu qısa müddətdə bəzi hakim yüksəkləri ələ keçirdi. Kəlbəcərin müdafiəsini təşkil etməli olan bəzi hərbi rəhbərlərin bacarıqsızlığı müdafiə qüvvələri içəridində qəsdən törədilən təxribatlar Kəlbəcərin işğalı, mülki əhalinin mühasirəyə düşməsi təhlükəsi yaratdı.
Belə bir məqamda o vaxt Dövlət Katibi olan Pənah Hüseyn və AXC İcrayyə Komitəsinin rəhbəri Fərəc Quliyevin Kəlbəcərə gedərək vəziyyəti xilas etmək cəhdləri də bir nəticə vermədi.Kəlbəcərin süqutu ilə yanaşı burada Xocalı faciəsinin daha böyük miqyasda təkrar olunması təhlükəsi yarandı. Pənah Hüseyn Kəlbəcərdən mənə zəng vurub mülki əhalinin xilas edilməsi üçün Kəlbəcərə vertolyotların göndərilməsinin vacib olduğunu dedi.
O dövrdə ordumuzda yetərincə olmasa da bu tapşırığı yerinə yetirəcək sayda helikopterlərimiz var idi.
Helikopter hava alanımız Yevlax rayonunda yerləşirdi. Müvafiq qurumlara dərhal helikopterlərin havaya qaldırılması və Kəlbəcər İcra Hakimiyyəti vasitəsi ilə dəqiqləşdirdiyimiz koordinat üzrə mülki əhalinin təxliyə edilməsi barədə göstəriş verdim. Qısa müddət sonra uçuşun təhlükəli olduğu, həmin günlərdə o ərazidə bir helikopterimizin vurulduğu üçün polotların uçuşdan imtina etmələri barədə məlumat verildi.
Yaranmış vəziyyət barədə məruzə etmək və qəti qərarlarla bağlı səlahiyyət almaq üçün prezident Elçibəyin yanına getdim. Vəziyyətin nə qədər kritik olduğu barədə məlumat verdim. Qısa müzakirədən sonra mülki əhalinin Kəlbəcərdən çıxarılması üçün Türkiyədən yardım istəmək qərarına gəldik.
Elçibəy Süleyman Dəmirələ zəng vurdu.
Dəmirəl çoxsaylı sualları ilə vəziyyəyi tam öyrəndikdən sonra Azərbaycana helikopterlər göndərmək barədə qərarın qəbul edilməsi üçün vacib olan prosedurlardan danışdı. Bunun xeyli zaman tələb etdiyini bildirdi.
Bizim isə gözləmək zamanımız yox idi.
Elçibəy Çeçenistan prezidenti Dudayevə zəng vurmağımı tapşırdı. Hakimiyyətimiz dövründə Elçibəyin xüsusi önəm verdiyi “Qafqaz Evi” layihəmiz var idi. Bu layihəyə rəhbərlik mənə həvalə olunmuşdu.
Layihənin gerçəkləşdirilməsi istiqamətində fəaliyyətimiz dövündə Gürcüstan və Şimali Qafqazın bir çox siyasi liderləri, din xadimləri, yerli bə federal parlament üzvləri, Prezident Qamsaxurdiya və bu layihənin reallaşmasında çox maraqlı olan prezident Dudayevlə çox yaxın, deyərdim ki, dostluq münasibətlərimiz yaranmışdı.
Prezident Dudayevə zəng vurdum.
O helikopterlərinin məhdud sayda olduğunu, amma Azərbaycanda olan helikoptrlər üçün Çeçenistandan pilotlar göndərə biləcəyini dedi.
Bu təklif, həm çox vaxt tələb etdiyindən, həm də bəzi başqa nüanslara görə məqbul sayılmadı.

Elçibəy daha gözləməyə vaxtımız olmadığı üçün bir yolunu tapıb öz helikopterlərimizi Kəlbəcərə göndərməyim barədə göstəriş verdi. Yevlax və ətraf rayonların İcra Hakimiyyəti başçılarına helikopter hava alanına getmək, pilotlara uçuş əmrini çatdırmaq və hərbi dövrün qanunlarına uyğun olaraq hərəkət etmələri, bu helokoptterlərdə Kəlbəcərə uçaraq əmrin yerinə yeyirilməsinə birbaşa nəzarət etmələri barədə göstəriş verdim.
Yalnız bundan sonra helikopterlərlə xilas əməliyyatı başladı və yerinə yetirildi.
Yalnız bir helikopterimiz yolda qəzaya uğradı. Xoşbəxtlikdən itkilərimiz çox olmadı. Verilən tspşırığa uyğun olaraq xilas əməliyyatında İştirak edən Yevlax İcra Hakimiyyətinin başçısı Rafiq Həsənov həmin helikopterdə Kəlbəcərdən dönərkən xilas edilən mülki əhali ilə birlikdə qəzaya düşdü, ağır xəsarət alaraq uzun müddət müalicə olundu…
Haqqında çox danışılan, bəzən Azərbaycan -Türkiyə münasibətlətinin korlanmasında maraqlı olanların Boraltan faciəsi ilə qoşalaşdırıb xoşməramlı olmayan məqdədlər üçün istifadə etdiyi helikopter hadisəsinin qısa tarixçəsi belədir.
Bu hadisədən çox nəticələr çıxartmaq olar, amma bu hadisə münasibətlətimizə xələl gətirən bir epizod kimi xatırlansa da Türkiyənin hətta o dövrdə Azərbaycanın taleyinə biganə olması anlamına gəlmir”.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.