EN

Kamran Bayramov: Azərbaycan-Aİ Bəyanatı:Strateji tərəfdaşlığın yeni zirvəsi

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tərəfindən Bakıda imzalanmış birgə mətbuat bəyanatı Azərbaycan-Aİ münasibətlərində yeni bir strateji mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Bu mühüm sənəd təkcə ikitərəfli əlaqələrin mövcud vəziyyətini deyil, həm də gələcək tərəfdaşlığın genişmiqyaslı yol xəritəsini özündə ehtiva edir. Bakı görüşü tərəflər arasında son dövrlər müşahidə olunan yüksəksəviyyəli siyasi dialoqun məntiqi davamı olmaqla yanaşı, regionun təhlükəsizlik arxitekturasında Azərbaycanın artan rolunu bir daha təsdiqləyir. Bəyanatda əksini tapan əsas məqamlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan tərəfdaşlıq sadəcə iqtisadi deyil, həm də dərin strateji xarakter daşıyır. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin qorunması məsələlərində üst-üstə düşən maraqlar bu əməkdaşlığı daha da sarsılmaz edir. Prezidentlərin vurğuladığı kimi, bu tərəfdaşlıq təkcə Cənubi Qafqazda deyil, həm də Qara dəniz hövzəsi və Mərkəzi Asiya regionlarında davamlı inkişafın, təhlükəsiz daşımaların və uzunmüddətli sülhün təmin olunması üçün əsas hərəkətverici qüvvəyə çevrilmişdir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Prezidentlər münasibətlərin mərkəzində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dayandığını xüsusi qeyd ediblər. Bu, Azərbaycan ilə Aİ arasındakı əlaqələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə tam sadiqlik ruhunda inkişaf etdiyinin rəsmi təsdiqidir. Qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq bu münasibətlərin sarsılmaz fundamentini təşkil edir. Bakıda imzalanan bu tarixi bəyanat Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətləri sadə tərəfdaşlıq formatından çıxararaq, onu həm hüquqi, həm də regional təhlükəsizlik baxımından strateji müttəfiqlik səviyyəsinə yüksəldir. Prezident İlham Əliyev və Antonio Koşta tərəfindən ifadə olunan mövqe tərəflərin gələcək onilliklər üçün vahid baxış bucağına malik olduğunu göstərir.
Deputat diqqətə çatdırıb ki, Bəyanatın ən mühüm bəndlərindən biri Cənubi Qafqazın gələcək mənzərəsinə dair ortaq strateji hədəfdir. Prezidentlər ayırıcı xətlərdən və münaqişə ritorikasından uzaq, dinc, qarşılıqlı əlaqəli və inkişaf edən bir regionun qurulmasına sadiqliklərini nümayiş etdiriblər. Bu kontekstdə Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş tarixi irəliləyişlər, xüsusilə 2025-ci ilin avqustunda baş tutan Vaşinqton Zirvə Görüşünün nəticələri yüksək qiymətləndirilib. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib.  Bu dəstək regionda davamlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunmasında Azərbaycanın konstruktiv rolunun beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
K.Bayramov vurğulayıb ki, Prezidentlər Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işlərini yüksək qiymətləndiriblər. Regional inkişafın qarşısında duran əsas maneə kimi mina təhlükəsi xüsusi vurğulanıb. Avropa İttifaqının bu sahədə aparıcı beynəlxalq donor statusu qeyd olunmaqla yanaşı, humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılmasının zəruriliyi diqqətə çatdırılıb. Azərbaycanın Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən aparıcı rolu bəyanatda əsas yer tutur. Avropa İttifaqı "Qlobal Qapı" təşəbbüsü çərçivəsində Azərbaycanla, xüsusilə Naxçıvan Muxtar Respublikasında dəmir yollarının müasirləşdirilməsi üzrə əməkdaşlığa sadiqliyini ifadə edib.  İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması bu investisiya layihələrinin sürətləndirilməsinə xidmət edəcək. Azərbaycanın Avropanın enerji təchizatında etibarlı tərəfdaş rolu bir daha təsdiqlənib. 2022-ci il Strateji Tərəfdaşlıq Memorandumunun icrası ilə yanaşı, gələcək əməkdaşlığın bərpaolunan enerji külək və günəş enerjisi sahəsində genişləndirilməsi hədəflənir. Xüsusilə Qara dəniz sualtı kabeli layihəsi kimi strateji təşəbbüslər Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilməsini təmin edəcək. Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri və 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın qlobal problemlərin həllindəki mərkəzi rolunun göstəricisi kimi alqışlanıb. Eyni zamanda, mütəşəkkil cinayətkarlıq, terrorçuluq və rəqəmsal təhdidlərlə mübarizədə təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi qərara alınıb. Prezidentlər rəqəmsal transformasiyanın vacibliyini qeyd edərək, süni intellekt və yeni nəsil texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm veriblər. Bu, tərəfdaşlığın təkcə ənənəvi sahələri deyil, həm də gələcəyin iqtisadi modelini əhatə etdiyini sübut edir.
K.Bayramov əlavə edib ki, Bakı görüşünün nəticələri göstərir ki, Azərbaycan Avropanın həm enerji, həm də nəqliyyat təhlükəsizliyi arxitekturasında əvəzolunmaz tərəfdaşdır. Yeni əhatəli ikitərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasına verilən dəstək, regionda davamlı sülhün təşviqi və “yaşıl enerji”yə keçid kimi hədəflər bu birliyin uzunmüddətli və sarsılmaz olduğunu sübut edir. Beləliklə, Bakıda atılan bu tarixi addım təkcə tərəflər üçün deyil, bütövlükdə geniş Avrasiya məkanında sabitlik, rifah və davamlı inkişaf üçün yeni perspektivlər açır.

Chosen
17
ikisahil.az

1Sources