EN

Tahir Budaqov “Şəhərsalma və memarlıqda dövlətçilik prinsipləri” tədbirində - FOTOLAR

Martın 12-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP)  və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıqda dövlətçilik prinsipləri” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vüsal Aslanov çıxış edərək bildirib ki, müasir şəhərin inkişafı yalnız yeni binaların tikilməsi ilə ölçülmür: “Şəhərin necə planlaşdırılması, nəqliyyat sisteminin necə qurulması və insanların gündəlik həyatının necə təşkil olunması bu inkişafın əsas göstəricilərindəndir. Bu baxımdan, şəhər nəqliyyatı, xüsusilə də metropoliten sistemi şəhərsalmanın ən vacib elementlərindən biridir. Metro təkcə sərnişin daşıyan nəqliyyat vasitəsi deyil. O, şəhərin müxtəlif hissələrini bir-biri ilə birləşdirən, şəhərin inkişaf istiqamətlərini formalaşdıran mühüm infrastrukturdur”.

Vüsal Aslanov qeyd edib ki, Bakı Metropoliteni hər gün yüz minlərlə sərnişinə xidmət göstərərək paytaxtın sosial və iqtisadi həyatının fasiləsizliyini təmin edir: “Eyni zamanda, Bakı metrosu paytaxtın memarlıq mühitinin də vacib hissəsidir. Bir çox stansiyalarımız milli memarlıq üslubunu və müasir həlləri birləşdirərək şəhərin simasına xüsusi rəng qatır. Bu da onu göstərir ki, metro yalnız nəqliyyat infrastrukturu deyil, həm də memarlıq və mədəni mühitin mühüm elementidir”.

Bakı metrosunun inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunun olduğunu vurğulayan V.Aslanov əlavə edib ki, Ulu Öndər paytaxtın gələcək inkişafını nəzərə alaraq metropolitenin genişləndirilməsini strateji məsələ kimi qiymətləndirirdi: “Təsadüfi deyil ki, Ulu Öndər Bakı Metropolitenini Azərbaycan xalqının milli sərvəti adlandırırdı. Onun dövlətçilik yanaşması bu gün də ölkəmizdə həyata keçirilən böyük infrastruktur layihələrinin əsasını təşkil edir. Bu strateji xətt hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqəti və dəstəyi nəticəsində Bakı Metropolitenində geniş modernləşmə işləri həyata keçirilir, yeni stansiyalar istifadəyə verilir, vaqon parkı yenilənir və infrastruktur müasirləşdirilir. Metro sisteminin inkişafı paytaxtın şəhərsalma siyasətinin əsas istiqamətlərindən biri olaraq daim diqqət mərkəzində saxlanılır. Paytaxtın nəqliyyat sistemində ən mühüm məsələlərdən biri hesab olunan “Yaşıl” və “Qırmızı” xətlərin ayrılması istiqamətində işlərə başlanılıb. Bu layihə metronun daşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılmasını, eləcə də sərnişinlərə dayanıqlı, komfortlu xidmət göstərilməsini təmin edəcək. Qarşıdakı 5 il ərzində metro sisteminin genişləndirilməsi də nəzərdə tutulur. Dövlət proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, həmçinin hər bir xətt üzrə ayrıca xidmət göstərəcək müasir depoların yaradılması və 300 ədəd yeni vaqon parkının alınması planlaşdırılır. Eyni zamanda, şəhər nəqliyyatının inkişafı yalnız metro ilə məhdudlaşmır. Yaxın gələcəkdə Bakı küçələrində müasir tramvayların hərəkətə başlaması da nəzərdə tutulur. Bu layihə şəhərin nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, paytaxtımızın memarlıq və şəhər mühitinə də xüsusi gözəllik qatacaq. Bütün bunlar Bakı şəhərinin gələcək urban inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

Vüsal Aslanov çıxışının sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan Metropoliten əməkdaşlarını təbrik edib, onların dövlətçilik prinsiplərinə sadiq fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, müasir dünyada şəhərsalma siyasəti ölkələrin inkişaf strategiyasının önəmli komponentlərindən birini təşkil edir. Onun sözlərinə görə, qlobal urbanizasiya prosesi, sürətli texnoloji tərəqqi və günümüzün ekoloji çağırışları bu sahədə yeni yanaşmaların meydana çıxmasını şərtləndirir: “Ənənə ilə müasirliyin vəhdətini yaradaraq uğurlu şəhərsalma nümunəsi ortaya qoyan Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən genişmiqyaslı quruculuq işləri davamlı sosial-iqtisadi inkişaf xüsusunda mühüm əhəmiyyət daşıyır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman şəhərsalma siyasəti milli-strateji prioritetlərdən biri kimi müəyyənləşdirilərək respublikanın bütün bölgələrində olduğu kimi, paytaxt Bakıda da dövrün çağırışlarına uyğun məqsədyönlü tədbirlər həyata keçirilmişdir ki, bu kontekstdə Bakı Metropoliteni şəbəkəsinin genişləndirilməsi də ayrıca qeyd edilməlidir. Heydər Əliyev siyasətini bütün istiqamətlərdə müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər isə paytaxt Bakının modernləşməsinə və regionların sosial-iqtisadi inkişafına təkan verməklə şəhərsalma təcrübəsi baxımından mütərəqqi nümunə yaratmışdır”.

YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasından sonra meydana çıxan sosial-iqtisadi və mədəni-humanitar çağırışlar fonunda şəhərsalma siyasətində yeni mərhələ başlanmışdır: “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramının mühüm tərkib hissəsi kimi innovativ yanaşmalar əsasında sosial inklüzivlik, ekoloji təhlükəsizlik, o cümlədən yaşıl infrastruktur quruculuğu əsas götürülməklə "ağıllı şəhər" konsepsiyası həyata keçirilməkdədir ki, bu da dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaradır”.

Tahir Budaqov vurğulayıb ki, Azərbaycanın çağdaş tələblərə adekvat şəhərsalma siyasəti ərazi bütövlüyünün qorunması, davamlı iqtisadi inkişafın təmini, sosial rifahın yüksəldilməsi, tarixi-mədəni irsin mühafizəsi kimi dövlətçilik prinsiplərinə söykənməklə milli gücümüzün artmasına xidmət göstərir: “Bütün bu nailiyyətlər və gələcəyə yönəlik aydın strateji baxış dünya miqyasında Azərbaycan təcrübəsinə böyük maraq göstərilməsini şərtləndirir. Təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərarın qəbulu Azərbaycanın dayanıqlı inkişaf siyasətinə, o cümlədən beynəlxalq müstəvidə şəhərsalma prosesinə töhfələrinə verilən yüksək qiymətin və etibarlı tərəfdaş imicinin bariz göstəricisidir. Şübhə yoxdur ki, müstəqil və qüdrətli Azərbaycan dövləti bu mötəbər tədbirə də uğurla ev sahibliyi edəcəkdir. Əminəm ki, hər zaman milli prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsində yüksək fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri, o cümlədən Bakı Metropoliteninin əməkdaşları da bu prosesdə əllərindən gələni əsirgəməyəcəklər”. 

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu gün müasir şəhərsalmanı metropolitensiz təsəvvür etmək mümkün deyil: “Sərnişin daşınmasında kütləviliyi ilə əvəzsiz rola malik, insanların sərbəst, sürətli və təhlükəsiz hərəkətini təmin edən, ekoloji cəhətdən ən zərərsiz olan nəqliyyat növü kimi Bakı Metropoliteni öz infrastrukturunu inkişaf etdirməklə, innovativ yenilikləri daim tətbiq etməklə çağdaş dövrün yeni tələblərinə uyğun xalqa xidmət etməkdədir. Böyük Zəfərimizin əbədiləşdirilməsi baxımından ən önəmli rəmzlərdən biri olan "8 Noyabr" metrostansiyası, düşünürəm ki, bütün şəhidlərimizin xatirəsini yaşadır. 30 şəhid ailəsi üzvünün, 350-ə yaxın müharibə iştirakçısının çalışdığı Bakı Metropoliteninin əməkdaşlarına bu xatirənin yaşadılmasına, doğma Bakımızın inkişafına verdikləri töhfələrə görə minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edərək hər birinizi qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daha güclü Azərbaycan naminə davam etdirdiyiniz şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

 “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisi, Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun qızı Hilalə Əfqan Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu, Vətənə bağlı əqidəli insanları sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan böyük qürur duyduğunu söyləyib: “Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə  dediyi “Yeni Azərbaycan Partiyası  dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu gün də öz aktuallığını itirməyib. Məqsədimiz Ulu Öndərin əmanəti olan ölkəmizi qorumaq, onu hər zaman güclü görmək və bunun üçün çalışmaqdır”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı misilsiz qəhrəmanlıq göstərən Azərbaycan gəncliyi bundan sonra elm, təhsil, mədəniyyət, idman, ictimai-siyasi və innovasiya sahələrində də ölkəmizi gələcəyə inamla daşımaq potensialına malikdir. “Qarşıda bizi böyük quruculuq işləri gözləyir. Amalımız ölkəmizin hər bir sahədə inkişafı, çiçəklənməsi naminə var qüvvəmizlə çalışmaq, Vətənə xidmət etməkdir” , - deyə H.Əfqan əlavə edib.

Çıxış edən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qatar maşinisti, Vətən müharibəsi iştirakçısı Səlim Rüstəmov isə deyib: “Tariximizin ən şanlı səhifələrinin yazıldığı 2020-ci ildə ərazi bütövlüyümüzün, sərhədlərimizin qorunması Vətən qarşısında əsas borcumuz olub. Cəmi 44 gün davam edən bir şanlı yürüşün iştirakçısı olmaq qürurvericidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun xalqımıza bəxş etdiyi bu qürur, əminəm ki, əbədi olacaq. Çünki bu Vətən onun uğrunda canını qurban vermiş şəhidlərin ali məqamını həmişə uca tutaraq sabaha inamla addımlayacaqdır”.

S.Rüstəmov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının Azərbaycanın gələcəyi naminə əzmlə çalışdığını vurğulayaraq ümumxalq etimadı qazanmış nüfuzlu bir partiyanın üzvü olmaqdan böyük fəxarət duyduğunu söyləyib.

Sonra YAP sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Chosen
107
22
unikal.az

10Sources