Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Azərbaycan son illərdə qlobal və regional sülh, təhlükəsizlik və əməkdaşlıq sahəsində öz rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Bu siyasət Azərbaycanın yalnız regional deyil, həm də qlobal səviyyədə ciddi aktor kimi çıxış etməsinə, həmçinin yumşaq güc vasitəsilə beynəlxalq dialoqa töhfə verməsinə imkan yaradıb”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, Bakıda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu da bu strategiyanın parlaq nümunəsidir: “Forum beynəlxalq miqyasda baş verən böhranlar fonunda humanitar və sivilizasiyalararası dialoqun vacibliyini vurğulayır, qlobal problemlərin həllinə töhfə verən platforma rolunu oynayır. Prezident və Birinci vitse-prezidentin uzaqgörən siyasəti sayəsində Bakı artıq qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi qəbul edilir.
Azərbaycan təcrübəsi: sülh, suverenlik və güc
Azərbaycan regional təhlükəsizlik məsələlərində hər zaman prioritet rol oynayıb. Ölkənin keçdiyi yol-işğal altında olan ərazilərin 30 il boyunca bərpası, xalqın hüquqlarının müdafiəsi və ərazi bütövlüyünün bərpasıbeynəlxalq ictimaiyyət üçün nadir bir təcrübədir.
Daha sonra Azərbaycanın sülhə nail olması və Ermənistanla münasibətlərin normallaşdırılması göstərir ki, güc və hüquqdan düzgün istifadə beynəlxalq hüquqa uyğun şəkildə sülhün bərqərar olmasına gətirib çıxara bilər. Bu təcrübə yalnız nəzəri deyil, real həyatda həyata keçirilmiş və nəticələrini göstərmiş modeldir. Bu, Azərbaycanı qlobal sülh və dialoqun tərəfdarı kimi nümunəvi aktora çevirir.
Enerji təhlükəsizliyi və regional əməkdaşlıq
Azərbaycan həm də enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. Son bir il ərzində ölkədən qaz alan dövlətlərin sayı 12-dən 16-ya yüksəlib, bütün ixrac boru kəmərləri vasitəsilə həyata keçirilir. Bu göstərici Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsinin artdığını göstərir.
Eyni zamanda Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə strateji tərəfdaş rolunu davam etdirir. Ermənistanla sülh prosesindən sonra Orta Dəhlizin yeni istiqamətinin formalaşdırılması nəqliyyat, enerji və rabitə xətləri ilə birləşdirəcək. Bu isə regionda əməkdaşlıq və ticarət imkanlarını genişləndirəcək, həm Azərbaycan, həm də qonşu ölkələr üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq”.
Yumşaq güc və qlobal aktor rolu
Deputat əlavə edib ki, Azərbaycanın qlobal və regional təhlükəsizlikdəki rolunu yalnız hərbi və enerji sahəsi ilə məhdudlaşdırmaq mümkün deyil: “Humanitar diplomatiya, sivilizasiyalararası dialoq və beynəlxalq forumlarda fəal iştirak ölkənin yumşaq güc strategiyasının mühüm elementləridir. Bakı artıq gərginliklərin həllinə töhfə verən, dialoqu təşviq edən və beynəlxalq əməkdaşlıq mühitini gücləndirən mərkəz kimi qəbul olunur.
Beləliklə, Azərbaycanın uzaqgörən siyasəti və strateji təşəbbüsləri Bakı şəhərini qlobal və regional sülh, təhlükəsizlik və əməkdaşlıq üçün mühüm platformaya çevirmişdir. Qlobal Bakı Forumu da bu strategiyanın parlaq nümunəsi olaraq qlobal problemlərin həllinə yönəlmiş dialoqun mərkəzi kimi fəaliyyət göstərir”.
Mürtəza
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.