Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsinin “Sovxoz Ramana” adlanan ərazisində yerləşən gölün doldurulması faktı ilə bağlı hüquqi tədbirlər görülüb.
Bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Təqsirkar şəxs barəsində məhkəmənin müvafiq qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Xidmət 4 mart 2026-cı il tarixində aparılan monitorinq zamanı sözügedən ərazidə su hövzəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar etmişdi. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilmişdi.
Araşdırma nəticəsində müəyyən edilmişdi ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.
Qeyd edək ki, sözügedən ərazi su, bataqlıq və digər köçəri quşların məskunlaşdığı ekoloji həssas zona hesab olunur. Sututarın doldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayış evləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii su tənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin və zirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.