Azərbaycan multilateralizmin güclü tərəfdarıdır. Çünki multilateralizm kiçik və orta ölçülü ölkələr üçün vacibdir. O, bərabərliyi təmin edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində "Multilateralizmin böhranı: Qlobal əməkdaşlığa yenidən baxış" adlı paneldə çıxışı zamanı bildirib.
"Eyni zamanda, müzakirə masasında söz haqqı verir və bu da bizə qlobal və ya regional qərarların formalaşdırılmasına töhfə verməyə imkan yaradır. Həmçinin qlobal məkanın formalaşmasına da töhfə verə bilirik. Hesab edirəm ki, multilateralizmdə böhran haqqında danışarkən gündəliyə daha müxtəlif yanaşma tətbiq etməliyik. Əgər multilateralizmə BMT terminologiyası əsasında geniş yanaşsaq, birinci bölmə sülh və təhlükəsizlikdir. Məhz bu sahədə böhran mövcuddur. Bununla yanaşı multilateralizmin digər sahələri də var: sosial, iqtisadi və müəyyən texniki, humanitar istiqamətlər. Bu sahələrdə isə müəyyən uğur hekayələrindən danışmaq mümkündür. Birinci bölmə - sülh və təhlükəsizlik bölməsi əsasən BMT Təhlükəsizlik Şurasının fəaliyyəti və mandatı ilə bağlıdır. Burada isə BMT Təhlükəsizlik Şurasının qeyri demokratik və yetərincə təmsil olunmayan strukturu, qlobal konsensus və qlobal əməkdaşlığın çatışmazlığı, parçalanma kimi problemlər mövcuddur".
H.Hacıyev qeyd edib ki, bunun nəticəsi olaraq hazırda BMT Təhlükəsizlik Şurasının qlobal sülh və təhlükəsizlik məsələlərində tətbiq imkanları çox məhduddur:
"Azərbaycan Qoşulmama Hərəkatına qoşulduqda müəyyən tənqidlər səsləndirilirdi. Bəziləri deyirdi ki, bu təşkilat köhnəlmiş platformadır və artıq aktuallığını itirib. Lakin Azərbaycanın 2019-2022-ci illərdə sədrliyi göstərdi ki, Qoşulmama Hərəkatı çoxşaxəli regional əməkdaşlığın inkişafına töhfə verə bilən canlı və effektiv platformadır. COVID-19 pandemiyası da bunun bir sınağı oldu.
Azərbaycanın real fəaliyyəti digər multilateral platformalarda da davam edib. Məsələn, COP29 və iqlim diplomatiyası. Bu, Azərbaycan üçün yeni bir çağırış olsa da, biz effektiv sədrliyi təmin edə bildiyimizi sübut etdik. Azərbaycanın COP29-a sədrliyi karbon bazarı, zərər və itkilər fondu kimi mühüm qərarların qəbul olunmasına töhfə verdi".