Azərbaycan çoxtərəfliliyi dəstəkləyir, çünki bu, ölkələrə masa arxasında səs imkanları yaradır, qlobal və regional qərarların verilməsinə yol açır. Bu səbəbdən Azərbaycan üçün çoxtərəflilik böyük əhəmiyyətə malikdir. Bu, yalnız müxtəlif qruplarda iştirakla məhdudlaşmır, həm də real fəaliyyətlərdə özünü göstərir.
“İki sahil” xəbər verir ki, bu fikirləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzulu paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.
“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürdükdə müəyyən fikirlər və tənqidlər səslənirdi ki, bu qurum artıq köhnəlmiş mexanizmdir və aktuallığını itirib. Lakin Azərbaycanın sədrlik illəri göstərdi ki, Qoşulmama Hərəkatı çoxölçülü regional əməkdaşlıq və qarşılıqlı fəaliyyətə töhfə verə bilən institutdur. Digər nümunə isə COP29-la bağlıdır. COP29 və iqlim diplomatiyası Azərbaycan qarşısında yeni çağırışlar yaradıb, biz effektiv sədrliyi təmin edə bildiyimizi sübut etmişik. Hətta Azərbaycanın COP29 sədrliyi çərçivəsində karbon bazarı, İtki və Zərər Fondu və digər məsələlərlə bağlı mühüm qərarlar qəbul olunub”,- deyə Hikmət Hacıyev vurğulayıb.