“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusunda ilk panel iclası keçirilib.
“İki sahil” xəbər verir ki, panel iclasa Belçikanın sabiq Baş naziri İv Leterm moderatorluq edib.
Tədbirdə çıxış edən Avropa İttifaqı Şurasının (Aİ) sabiq Prezidenti Şarl Mişel Aİ-nin əsas prinsiplərinin - sülh, rifah və demokratik dəyərlərin hazırda müxtəlif təhdidlər altında olduğunu diqqətə çatdırıb.
Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənasının dəyişdiyini bildirib. "Biz məhz bu kontekstdə Qlobal Bakı Forumunda müzakirələr aparmaq üçün toplaşmışıq. Çünki, Qlobal Şimal və Qlobal Cənub arasında sosial, iqtisadi və siyasi parçalanma dərinləşib. Qlobal Cənub ölkələri artıq çoxsaylı mürəkkəb çağırışlarla üzləşir, bu isə qlobal təhlükəsizlik məsələlərinin daha mürəkkəb, çoxşaxəli olmasına şərait yaradır", - deyə o əlavə edib.
Avstriyanın sabiq Federal Kansleri Alfred Quzenbauer düşmənçilikdən uzaqlaşmaq və beynəlxalq hüquq, normativlər və əməkdaşlıq prinsiplərinə əsaslanan həll yolları barədə düşünməyin vacibliyini vurğulayıb.
Avstriyanın digər keçmiş Federal Kansleri Sebastian Kurs isə bildirib ki, mövcud beynəlxalq nizam yenidən nəzərdən keçirilməli və gələcəkdə terrorizmə, hibrid müharibələrə və terror təşkilatlarına qarşı düzgün yanaşmanın necə olacağı bir daha düşünülməlidir.
Norveçin sabiq Baş naziri Kyell Maqne Bondevik dünyada hazırda beynəlxalq nizam yox, beynəlxalq xaos mövcud olduğunu deyib: "İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq nizam, BMT və digər beynəlxalq təşkilatlar, İnsan Hüquqları Bəyannaməsi və digər konvensiyalar bu gün zəifləyib".
Panel sessiyası müzakirələrlə davam edib.