Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 12 mart, AZƏRTAC
BMT-nin, xüsusilə Təhlükəsizlik Şurasının təsir imkanlarının azalması qlobal idarəetmə sistemində ciddi problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliyanın sabiq Baş naziri, Avropa Komissiyasının sabiq Prezidenti Romano Prodi XIII Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib.
Romano Prodi bildirib ki, siyasi fəaliyyətə başladığı 1990-cı illərdən etibarən BMT-nin təsir imkanlarının tədricən azaldığının şahidi olub. Onun sözlərinə görə, təşkilatın baş katibləri bu qurumu gücləndirmək üçün böyük səylər göstərsələr də, BMT-nin imkanları getdikcə məhdudlaşıb.
Romano Prodi qeyd edib ki, BMT bir çox mühüm məsələlərdə, xüsusilə dekolonizasiya prosesində və sülhməramlı missiyalarda, xüsusən Afrikada böyük faciələrin qarşısının alınmasında mühüm rol oynayıb. Bununla belə, böyük güclərlə bağlı əsas məsələlər BMT Təhlükəsizlik Şurasına yönəldilib və burada veto hüququnun mövcudluğu qərarların qəbulunu çətinləşdirib.
Prodi deyib ki, qlobal idarəetmə sistemində daha geniş təmsilçiliyin təmin olunması, xüsusilə Qlobal Cənub ölkələrinin rolunun artırılması vacibdir. Lakin veto hüququ saxlanılarsa, bu islahatların effektiv nəticə verməsi çətin olacaq.
Romano Prodi həmçinin Avropa İttifaqının qərar qəbuletmə mexanizmlərində də oxşar problemlərin mövcud olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən bu sessiyasına Böyük Britaniya Lordlar Palatasının üzvü Patrisiya Skotland moderatorluq edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.