EN

“Azərbaycan–Avropa İttifaqı münasibətləri geniş gündəliyə malikdir” - ŞƏRH OLUNDU

“İlham Əliyev ilə Antonio Costa arasında keçirilən görüş Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı mərhələsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Tural İsmayılov bildirib .
Onun sözlərinə görə, Prezident İlham Əliyevin “əməkdaşlığımızın çox fəal mərhələsindəyik” fikri onu göstərir ki, Bakı ilə Brüssel arasında dialoq son dövrdə daha intensiv xarakter alıb:

”Bu görüş, ilk növbədə, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropa üçün artan rolu fonunda bu cür təmaslar qarşılıqlı maraqların uzlaşdırılması üçün vacib platforma rolunu oynayır. Azərbaycanın Avropaya qaz ixracı, nəqliyyat-logistika layihələri və regional sabitlik məsələləri tərəflərin gündəliyində əsas mövzular sırasındadır.

Digər tərəfdən, bu görüş siyasi dialoqun davamlılığını nümayiş etdirir. Azərbaycan postmünaqişə dövründə regionda yeni reallıqlar formalaşdırdığını və Avropa strukturları ilə münasibətləri qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq əsasında inkişaf etdirmək niyyətində olduğunu göstərir. Brüssel üçün də Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaş kimi mühüm əhəmiyyət daşıyır.

Bakıdakı bu təmaslar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini də əhatə edən geniş gündəliyə malik olduğunu göstərir. Bu isə tərəflərin əməkdaşlığının perspektivdə daha da genişlənə biləcəyinə işarə edir”.

Müəllif: Günay Hacıyeva
Chosen
64
sia.az

1Sources