Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Dünya bazarında şəkərin ucuzlaşması adətən şəkər idxal edən ölkələr üçün müəyyən müsbət təsirlər yaradır”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda da yaxın aylarda şəkər qiymətlərində qismən ucuzlaşma ehtimalı istisna edilmir:
”Ölkəmiz şəkər tələbatının bir hissəsini xaricdən idxal edir və qlobal bazarda qiymətlərin aşağı düşməsi idxal xərclərinin azalmasına gətirib çıxara bilər. Nəzəri baxımdan bu hal daxili bazarda şəkərin və şəkərdən hazırlanan bəzi məhsulların qiymətlərinə müəyyən təzyiq göstərərək qiymət artımının zəifləməsinə səbəb ola bilər.
Bununla belə, dünya bazarındakı dəyişikliklərin daxili bazara təsiri bir sıra amillərdən asılıdır. Ölkədə şəkər istehsalı və emalı ilə məşğul olan müəssisələrin fəaliyyəti, daxili bazarın qorunması məqsədilə tətbiq olunan gömrük rüsumları, logistika xərcləri və milli valyutanın məzənnəsi kimi faktorlar qiymətlərin hansı səviyyədə dəyişəcəyini müəyyən edir. Bu səbəbdən qlobal bazarda qiymətlərin azalması daxili bazarda dərhal və eyni miqyasda öz əksini tapmaya bilər.
Digər tərəfdən, xammalın ucuzlaşması qida sənayesində fəaliyyət göstərən bəzi şirkətlər üçün müsbət təsir göstərə bilər. Şirniyyat, içki və digər şəkərdən istifadə olunan məhsulların istehsalı ilə məşğul olan müəssisələr üçün bu, maya dəyərinin azalması deməkdir. Nəticədə ya məhsul qiymətlərinin sabit qalmasına şərait yarana, ya da şirkətlərin gəlirliliyi arta bilər.
Eyni zamanda idxal olunan şəkərin qiyməti kəskin şəkildə aşağı düşərsə, bu vəziyyət yerli istehsalçılar üçün rəqabət təzyiqini artıra bilər. Belə hallarda dövlət daxili bazarın balansını qorumaq məqsədilə müəyyən tənzimləyici tədbirlər həyata keçirə bilər.
Dünya bazarında şəkərin ucuzlaşması Azərbaycan üçün qida sənayesi və istehlakçılar baxımından müəyyən müsbət imkanlar yaratsa da, bu prosesin daxili qiymətlərə təsiri adətən məhdud və mərhələli şəkildə özünü göstərir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.