EN

Azərbaycan və Avropa İttifaqı: strateji tərəfdaşlığın yüksələn xətti ŞƏRH

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və səsləndirilən bəyanatlar təkcə iki tərəf arasında münasibətlərin hazırkı vəziyyətini deyil, həm də gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq bu gün müxtəlif səviyyələrdə fəal mərhələyə daxil olub. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun dərinləşməsi və iqtisadi əlaqələrin genişlənməsi tərəflər arasında formalaşan etimadın bariz göstəricisidir. Xüsusilə ticarət göstəriciləri bu dinamikanın real iqtisadi təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, bu tərəfdaşlığın ən mühüm sütunlarından biri enerji əməkdaşlığıdır: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol son illərdə daha da artıb. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Həmin vaxtdan etibarən Azərbaycan qazının Avropaya ixracı həm həcminə, həm də coğrafiyasına görə genişlənib.

Enerji əməkdaşlığının genişlənməsi yalnız mövcud ehtiyatların ixracı ilə məhdudlaşmır. Azərbaycan yaxın illərdə qaz hasilatını daha da artırmağı planlaşdırır. Yeni yataqların istismara verilməsi nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmə əlavə olaraq ən azı 10 milyard kubmetr qaz hasilatı gözlənilir. Bu isə həm Avropa bazarının enerji ehtiyaclarının qarşılanmasına, həm də Azərbaycanın enerji ixracatçısı kimi mövqeyinin daha da güclənməsinə imkan yaradacaq”.

Onun sözlərinə görə, enerji əməkdaşlığı yeni və strateji bir istiqamət – bərpaolunan enerji sahəsi ilə də zənginləşir. Azərbaycan öz təbii-coğrafi üstünlüklərindən istifadə edərək külək, günəş və su elektrik enerjisinin inkişafına böyük sərmayələr yatırır. Ölkənin iqlim şəraiti bu sahədə böyük potensial yaradır: ildə 300-dən çox günəşli gün və geniş külək resursları Azərbaycanın gələcəkdə yaşıl enerji ixracatçılarından birinə çevrilə biləcəyini göstərir. Hədəf yaxın beş-altı il ərzində ixrac üçün hazır olan 6-8 giqavat gücündə bərpaolunan enerji potensialının formalaşdırılmasıdır. Bu isə Avropa ilə enerji əməkdaşlığını daha da şaxələndirəcək və qitənin yaşıl enerji strategiyasına mühüm töhfə verəcək.

Deputat vurğulayıb ki, enerji və iqtisadi əlaqələrlə yanaşı, regionda sülh və sabitliyin təmin olunması da Azərbaycan-Aİ münasibətlərinin mühüm gündəliyində yer tutur. Ermənistanla əldə olunmuş sülh razılaşması regionun gələcəyi üçün yeni imkanlar açır. Uzun illər davam edən münaqişədən sonra formalaşan bu reallıq yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır. Sülhün real nəticələri artıq hiss olunmağa başlayıb. Azərbaycan Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin normallaşması istiqamətində konkret addımlar atır.

“Bu yeni geosiyasi reallıq nəqliyyat və logistika sahəsində də mühüm perspektivlər açır. Xüsusilə Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında strateji bağlantı yaradır. Azərbaycanın bu layihədə oynadığı rol təkcə regional deyil, qlobal miqyasda əhəmiyyət daşıyır. Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən bu marşrut Avropa ilə Asiya arasında ticarətin daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan verir. Bütün bu proseslər Azərbaycanla Avropa arasında münasibətlərin yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmadığını göstərir. Təhlükəsizlik, rəqəmsal transformasiya, innovasiya, təhsil və humanitar əməkdaşlıq kimi sahələr də tərəfdaşlığın mühüm istiqamətlərinə çevrilir. Terrorizm, mütəşəkkil cinayətkarlıq, insan alveri və qeyri-qanuni miqrasiya kimi qlobal çağırışlara qarşı birgə mübarizə də əməkdaşlığın prioritet mövzuları sırasındadır”, - deyə o əlavə edib.

Müsahibimiz qeyd edib ki, bu gün Azərbaycanla Avropa arasında münasibətlər çoxşaxəli və dərin strateji məzmun daşıyır. Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat dəhlizləri və yaşıl enerji kimi sahələrdə qurulan əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Avrasiya məkanının gələcəyinə təsir edən amillərdən biridir.

“Tarixi təcrübə göstərir ki, müharibələr dağıdır, sülh isə qurur. Azərbaycan son onilliklərin çətin sınaqlarından keçərək bu həqiqəti ən yaxşı anlayan ölkələrdən birinə çevrilib. Məhz buna görə də bu gün ölkəmizin seçdiyi yol – əməkdaşlıq, sülh və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq yolu – regionun gələcəyinə açılan ən real və ən ümidverici istiqamət kimi görünür.

Bu reallıq isə bir həqiqəti aydın göstərir: Azərbaycan artıq yalnız regionun deyil, Avropanın enerji təhlükəsizliyinin, nəqliyyat əlaqələrinin və geosiyasi sabitliyinin formalaşmasında mühüm rol oynayan strateji tərəfdaşdır. Bu tərəfdaşlıq isə təkcə bu günün deyil, gələcək onilliklərin də siyasi və iqtisadi gündəliyini müəyyən edəcək gücə malikdir”, - E.Akimova fikrini yekunlaşdırıb.

Chosen
96
50
azertag.az

10Sources