EN

“AB-nin yanaşması regionda sabitliyə xidmət etmir”

“AB-nin

“Livan və onun ətrafında baş verən proseslər Yaxın Şərqdə vəziyyətin nə qədər gərgin olduğunu bir daha göstərir”.

Bunu politoloq Tofiq Abbasov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, regionda gərginliyin yaranmasının müxtəlif səbəbləri var və bu proseslərdə müxtəlif qüvvələrin maraqları toqquşur: “Livanda fəaliyyət göstərən Hizbullah təşkilatı ölkənin cənubunda yaşayan şiə icmasının ən təşkilatlanmış qüvvələrindən biridir. Düzdür, İsrail, ABŞ və bəzi Qərb ölkələri bu təşkilatı terror təşkilatı kimi təqdim edir. Lakin Hizbullah özünü vətənpərvər qüvvə kimi göstərir və Livanın cənubunda yaşayan insanların maraqlarını müdafiə etdiyini bildirir. Tarixən İsrailin Livan ərazisinə bir neçə dəfə hərbi müdaxiləsi və işğal cəhdləri də bu qüvvələrin formalaşmasına təsir göstərib. Hizbullah təkcə hərbi-siyasi qüvvə kimi deyil, həm də sosial sahədə müəyyən fəaliyyət göstərir: “Onlar Livanın müxtəlif bölgələrində sosial layihələr həyata keçirib, poliklinikalar tikib və əhalinin müxtəlif təbəqələrinə yardım proqramları həyata keçiriblər. Bu proqramlardan təkcə şiələr deyil, digər dini icmaların nümayəndələri də yararlanıblar”.

Politoloq bildirib ki, buna baxmayaraq, regionda hərbi-siyasi qarşıdurma davam edir və tərəflər arasında ciddi fikir ayrılığı qalmaqdadır: “İsrail Hizbullahı terrorçu təşkilat adlandırır. Halbuki bölgədə baş verən hadisələr göstərir ki, hərbi əməliyyatlar və bombardmanlar nəticəsində çoxsaylı mülki insanlar zərər görür”.

T.Abbasov Avropa İttifaqının bəzi rəsmilərinin mövqeyini də tənqid edib. Onun sözlərinə görə, Aİ-nin xarici siyasət nümayəndələrindən biri olan Kaja Kallas əsas diqqəti yalnız Hizbullahın tərksilah olunmasına yönəldir: “Bu yanaşma regionda sabitliyin təmin olunmasına xidmət etmir. Əgər həqiqətən sabitlik istəyirlərsə, proseslərə daha obyektiv yanaşmalıdırlar. Yaxın Şərqdə uzunmüddətli sabitliyin əldə olunması üçün bütün tərəflər qarşılıqlı kompromislərə getməli və sülhə yönəlmiş addımlar atmalıdır.Əgər tərəflər davamlı olaraq güc dilindən istifadə etsələr, bu, regionda gərginliyin daha da artmasına səbəb olacaq. Sülh yalnız qarşılıqlı anlayış və dialoq yolu ilə mümkündür”.

Günel Elxan

Chosen
59
1
xalqcebhesi.az

2Sources