EN

“Vahid məlumat bazası bələdiyyələrin fəaliyyətini daha səmərəli edə bilər”

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə ediləcək.

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, uzun illər bələdiyyələrin üzləşdiyi əsas problemlərdən biri müxtəlif dövlət qurumlarında parçalanmış məlumat bazalarının mövcudluğu idi:

“Eyni məlumat müxtəlif qurumlarda fərqli şəkildə aparılır, nəticədə statistika, maliyyə və idarəetmə qərarları üçün vahid məlumat bazası formalaşmırdı. Yeni qərar bu məlumatların vahid platformada toplanmasına və daha sistemli idarə olunmasına imkan yaradır.

Eyni zamanda bu sistem bələdiyyələrin uzun müddət üzləşdiyi praktiki problemlərin də həllinə kömək edə bilər. Məsələn, torpaq münasibətləri, bələdiyyə borclarının müəyyən edilməsi, alqı-satqı prosesində öhdəliklərin dəqiqləşdirilməsi, kənd təsərrüfatı torpaqları ilə bağlı məlumatların elektron sistemlərdə əks olunması kimi məsələlər artıq daha operativ şəkildə izlənə biləcək.

Digər tərəfdən, yerli büdcələr, vergi yığımları və bələdiyyə gəlirləri ilə bağlı məlumatların Maliyyə Nazirliyi, Statistika qurumları və digər dövlət institutları arasında vahid elektron baza üzərindən formalaşması dövlətin bələdiyyələrə maliyyə yardımlarının və dotasiya siyasətinin daha dəqiq məlumatlara əsaslanmasına şərait yarada bilər.

Əlqərəz, bütün bunlar bələdiyyələrin məlumat imkanlarının genişlənməsi ilə yanaşı, onların institusional nüfuzunun və idarəetmə imkanlarının güclənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər.

Amma yaxşı nəticə üçün yenə də 2 məsələ ön plana çıxır. Birincisi, bələdiyyələrin hər biri yaradılmış bu imkanlara formal yanaşma kimi deyil, məsuliyyətli və vicdanlı öhdəlik kimi yanaşmalı, sistemin verdiyi imkanları yerli idarəetmənin güclənməsi və ictimai maraqların qorunması istiqamətində aktiv şəkildə istifadə etməlidir. İkincisi, bu prosesə məsuliyyətlə yanaşan bələdiyyələrin qarşısında inzibati maneələr formalaşmamalıdır. Yalnız bu 2 şərt təmin olunduğu halda yerli özünüidarəetmənin potensialı daha dolğun şəkildə üzə çıxa bilər”.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
70
8
icma.az

9Sources