ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Ankarada keçirilən beynəlxalq simpoziumda “Birinci Türkoloji Qurultay kontekstində Vəli Xuluflunun folklor irsi və türkologiyaya töhfələri” mövzusunda məruzə ilə çıxış edib.
Simpozium Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Tarix və Mədəniyyət Vəqfi (TÜRKTAV), Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “1926 Bakı Türkoloji Qurultayının 100-cü ili – Türkologiyanın sabahına hazırlıq” mövzusunda baş tutub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məruzədə Azərbaycan folklorşünaslıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Vəli Xuluflunun elmi fəaliyyəti, onun türk xalqlarının folklor irsinin toplanması, sistemləşdirilməsi və elmi tədqiqi sahəsində gördüyü işlər geniş şəkildə təhlil olunub. Bildirilib ki, Vəli Xuluflu yalnız Azərbaycan folklorşünaslığının deyil, bütövlükdə türkoloji elmin formalaşmasında mühüm rol oynamış alimlərdən biridir. Vəli Xuluflunun folklor materiallarının toplanması və elmi nəşrə hazırlanması sahəsində gördüyü işlər türk xalqlarının qeyri-maddi mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun fəaliyyətində folklorun yalnız estetik və bədii dəyəri deyil, həm də xalqın tarixi yaddaşı və milli kimliyinin mühüm elementi kimi qiymətləndirilməsi ön plana çıxır.
Qeyd olunub ki, Vəli Xuluflunun “Koroğlu” dastanı ilə bağlı nəşrləri yalnız mətnin qorunması baxımından deyil, həm də folklor terminologiyası, janr təsnifatı və xalq yaddaşında yaşayan mifoloji motivlərin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Onun topladığı rəvayətlər, deyimlər və folklor nümunələri qədim türk mifoloji düşüncəsinin izlərini əks etdirməsi ilə diqqəti cəlb edir. Bu materiallar xüsusilə “Boz qurd” motivi və qədim türk mifoloji təsəvvürləri ilə bağlı paralellərin araşdırılması baxımından mühüm elmi mənbə hesab olunur. Vəli Xuluflunun topladığı folklor materialları, xüsusilə “Koroğlu” dastanı ilə bağlı nəşrləri və araşdırmaları Azərbaycan folklorşünaslığı və türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi mənbə kimi dəyərləndirilir. Bu irs gələcək tədqiqatlar üçün etibarlı qaynaq olmaqla yanaşı, türkoloji elmin inkişafında Vəli Xuluflunun əvəzsiz rolunu bir daha təsdiq edir.
Simpozium Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Tarix və Mədəniyyət Vəqfi və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “1926 Bakı Türkoloji Qurultayının 100-cü ili – Türkologiyanın sabahına hazırlıq” mövzusunda baş tutub.


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.