Hazırda həm regionda, həm də bütün dünyada mürəkkəb və narahatlıq doğuran vəziyyət formalaşıb. Belə şəraitdə qlobal proseslərin müzakirəsi üçün təcrübəli siyasətçilərin və ekspertlərin bir araya gəlməsi xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili bu gün işinə başlayan XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dünyada baş verən proseslər böyük maraq doğurmaqla yanaşı, müəyyən narahatlıq da yaradır. Buna görə də regionun gələcəyinin və qlobal siyasi proseslərin belə platformalarda müzakirə edilməsi olduqca vacibdir.
“Hazırda vəziyyət təkcə regionda deyil, bütün dünyada çox mürəkkəbdir. Biz burada baş verən prosesləri müzakirə etmək üçün böyük maraq və müəyyən narahatlıqla toplaşmışıq. Burada xüsusi təcrübəyə malik insanlar bir araya gəliblər. Belə gərgin dövrlərdə görüşmək, həm regionun gələcəyini, həm də dünyada baş verən siyasi prosesləri müzakirə etmək imkanı yaradıldığına görə təşəkkür edirəm”, – deyə G.Marqvelaşvili qeyd edib.