EN

Siyasi təcrübəsi olmayan xanım deputatımız Orxan Saffari yazır…

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Milli Məclis təkcə qocalardan ibarət deyil. Orada hətta 20-li yaşlarında deputat olan şəxslər də var.

Sözsüz, bu, ilk baxışda gözəl də görünür ki, bir şəxs, üstəlik də bir qadın gənc yaşlarında tutduğu yolda böyük uğurlar əldə edir. Özü də, Azərbaycan siyasətində. Hətta uğurlu qadınlar haqqında çıxan pis söz-söhbətlər də onun haqqında çıxmır.

Qəribədir, deyilmi?

Bir sözlə, söhbət başını aşağı salaraq ağır oturub batman gələn, rəsmi şəkildə Milli Məclisin ən gənc deputatı olan Səbinə Xasayevadan gedir.

Ancaq deyəsən, məsələlərin həm də bir əmması var.

Düzü, adam məsələn, Siyavuş Novruzovun simasına baxmaqdansa, hətta Səbinə Xasayeva yalan belə danışsa, onu simasına baxmaq istəyər.

Ancaq yenə də…

Yenə yaxşıdır ki, Səbinə Xasayeva xanımdır. Əgər 26 yaşında kişi olaraq deputat seçilçəydi, “qoca qurdlar” onun yaşından istifadə edib mağazaya zada da göndərə bilərdilər.

Səbinə xanım gənc və enerjili olsa da, o, bu enerjisini maksimum şəkildə susmağa sərf edir.

Deyərdim, Milli Məclisdə onun kimi susan ikinci bir xanım yoxdur.

Xanım olasan, həm də danışmayasan?

Hətta mənə elə gəlir, o, həmkarı olan xanım deputatlarla heç rəfiqəlik də etmir. Heç olmasa, başqa xanım deputatlarla kişi deputatların qeybəti etsəydi, dərd yarıydı…

Belə olduğu halda, onu bilmirsən ki, bu vizual gözəlliyin arxasında nə gizlənir?

Platon demiş, “danış, görüm səni”.

Səbinə Xasayevanın prinsipi isə belədir:

“Danışma, heç kim tanıya bilməsin səni”.

Onun haqqında ümumi məlumatlar da azdır.

Məsələn, niyə namizəd olub, kimin yaxınıdır? Birdən-birə 26 yaşında necə meydana çıxdı? O vaxta qədər harada idi, hansı siyasi fəaliyyəti olmuşdu? Ümumiyyətlə, siyasətdən heç xəbəri varmı?

Suallara, əlbəttə, cavab yoxdur.

Azsaylı məlumatlara görə, Səbinə xanım 26 yaşında deputat seçilənə qədər heç bir dövlət işində də işləməyib. (İşləyibsə də o belə bilinmir)

Ancaq Azərbaycan adlı bu gözəl ölkənin gözəl bir tələbi var:

“Təcrübə”

Heç bir ictimai-siyasi fəaliyyətdə seçilməyən, zirvələrdə olsa da, o zirvələrdən səsi gəlməyən, elə özü də görünməyən bir xanım universiteti bitirir və 3 il məhz təcrübəsizlikdən sonra deputat olur?

Görünür, ölkəmizdə açılan iş yerləri məsələsi təkcə Səbinə Xasayevaya şamil olunub. Adama elə gəlir ki, evdə oturaraq CV atıb və deyiblər, gəl, xanım, əsl sənlik bir iş var.

Bəs bu üç ildə Səbinə xanım nə edirdi? Niyə 26 yaşında ictimai-siyasi xadim olan bir gənc haqqında bu barədə məlumat yoxdur?

Hər halda bu üç ili evdə oturaraq dolma bükməyib.

Əslində, sual konkret olaraq budur ki, xadimənin belə təcrübə ilə işə götürüldüyü bir zamanda 26 yaşlı bir gənc xanımın deputat olmağı qəribə deyilmi?

Heç nə yox, bu gün Milli Məclisin özündə belə xadimə olmaq daha çətindir. Ora belə təcrübəsiz, tanışsız adam götürməzlər. Ancaq təcrübəsiz bir gənc xanımın birdən-birə bu posta gəlməsi…

Yoxsa, ölkəmiz həqiqətən də möcüzələr ölkəsidir?

Bəzən Milli Məclisin iclaslarına baxanda insanın ağlına maraqlı suallar gəlir. Məsələn, deputatlar danışır, mübahisə edir, əl-qol edir, emosiyaya qapılır. Amma Səbinə xanım elə oturur ki, sanki bir dərsdədir, müəllim də deyib, sakit oturana yaxşı qiymət yazacam.

Bəlkə də, Səbinə xanım fikirləşir ki, doğrudan da dərsdir, o da oturub təcrübəli siyasətçiləri dinləyir.

Obrazlı desək, Səbinə Xasayeva parlamentdə deputatlara qulaq asmağa gəlir.

Səbinə Xasayeva Natiq Cəfərli ilə eyni dairədən namizədlik vermişdi. Adamın ağlına əlli şey gəlir. Bəlkə Natiq Cəfərlinin seçilməməyi üçün onu seçiblər?

Yaxşı, bir dəfə necəsə seçildi bu xanım, bəs ikinci dəfə nəyə lazımdır?

Birinci dəfə hansı fəaliyyəti oldu?

Tutaq ki, lap təcrübəsiz idi, bəs sonra qazandığı təcrübə hanı?

Görünən odur ki, Səbinə xanımın qazandığı təcrübə elə susmaqdır.

Ancaq könül istərdi ki, bu mələksima, bənizi ay, baxışları bahar səhəri kimi saf xanım danışaydı və onun gözlərindəki kədərin sirrini bilərdik…

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
63
icma.az

1Sources