EN

Azərbaycan reallığı Avropada qəbul olunur - Asim Mollazadə

Yazını böyüt
Yazını kiçilt

Artıq Avropada bir çoxları anlayır ki, dünyəvi dövlət prinsipləri ilə yaşayan Azərbaycan bu mürəkkəb dövrdə həm Qərb, həm də islam dünyası üçün sabitlik və əməkdaşlıq nümunəsi kimi çıxış edir"

Xəbər verildiyi kimi, martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti António Costa Azərbaycana səfər edib. Onun Bakıya səfəri siyasi baxımdan diqqət çəkən hadisə kimi dəyərləndirilir. Bu səfər Azərbaycan–Avropa münasibətləri, enerji əməkdaşlığı və regional təhlükəsizlik kontekstində bir sıra mühüm suallar doğurur.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Asim Mollazadədir.

– Martın 11-də Avropa İttifaqı Şurasının prezidenti Bakıya səfər edir. Sizcə, bu səfərin ən önəmli mesajı nədir?

– Əslində, Avropa Birliyi Azərbaycanın həyata keçirdiyi layihələrdə çox maraqlıdır. Söhbət əsasən enerji və nəqliyyat layihələrindən gedir. Yaxın Şərqdə baş verən müharibələr, eləcə də Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Avropa ilə Asiyanı birləşdirən ən mühüm dəhlizlərdən birinə çevrilib.

Bu layihələrin böyük hissəsi məhz Azərbaycanın investisiyaları hesabına həyata keçirilir və Avropa Birliyi də bu prosesdə ciddi maraq nümayiş etdirir.

Avropa Birliyi Azərbaycanın enerji resurslarında maraqlıdır. Regionda baş verən gərginliklər və enerji bazarındakı qeyri-sabitlik Avropada enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Bu səbəbdən Avropa ölkələri Azərbaycandan enerji ixracının artırılmasını xahiş edir. Artıq Avropada bir çoxları anlayır ki, dünyəvi dövlət prinsipləri ilə yaşayan Azərbaycan bu mürəkkəb dövrdə həm Qərb, həm də islam dünyası üçün sabitlik və əməkdaşlıq nümunəsi kimi çıxış edir.

– Bəzi analitiklər deyir ki, AŞPA ilə böhrana baxmayaraq, Avropa İttifaqı ilə münasibətlər yaxın illərdə daha da güclənəcək. Sizcə, bunun əsas səbəbləri nələrdir?

– Avropa İttifaqı Şurası ilə AŞPA tamamilə fərqli qurumlardır. Doğrudur, hər iki təşkilatın daxilində korrupsiya və lobbiçiliklə bağlı müxtəlif iddialar zaman-zaman gündəmə gəlib. Lakin Avropa Birliyində qərarvermə mexanizmlərinə təsir edən siyasi strukturlar daha real siyasi və iqtisadi gücə malikdirlər.

Son illərdə Avropa Şurası Parlament Assambleyasında baş verən qalmaqallar göstərdi ki, bu qurum daxilində də təsir uğrunda mübarizə kifayət qədər mürəkkəbdir. Müxtəlif lobbi qruplarının – o cümlədən erməni və Rusiya yönümlü şəbəkələrin – müəyyən təsir imkanlarını qorumağa çalışdığı barədə analitik müzakirələr də mövcuddur.

Hər iki qurum Avropa platforması olsa da, onların funksiyaları fərqlidir. Avropa Birliyi üzv ölkələrin iqtisadi və siyasi həyatına birbaşa təsir edən qərarlar qəbul edən institutdur. AŞPA isə daha çox siyasi dialoq və demokratik institutların monitorinqi ilə məşğul olur. Avropa Birliyinin təhlükəsizlik sistemi daha güclüdür.

– Enerji əməkdaşlığı və Orta Dəhliz layihəsi Azərbaycan–Avropa münasibətlərində hansı strateji əhəmiyyətə malikdir?

– Bu layihələr Avropa Birliyi üçün çox böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan artıq Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycanın bir çox Avropa ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu əməkdaşlıq davam edir.

Baxmayaraq ki, müəyyən lobbi qrupları bəzi ölkələrdə Azərbaycanla münasibətlərə kölgə salmağa çalışırlar, reallıq ondan ibarətdir ki, Avropa Birliyinin Azərbaycanla əməkdaşlıqda böyük maraqları var.

Azərbaycanın Orta Asiya ölkələri ilə qardaşlıq münasibətləri və birgə həyata keçirilən layihələr də bu prosesdə mühüm rol oynayır. Xüsusilə Azərbaycanın son illərdə inkişaf etdirdiyi yaşıl enerji təşəbbüsləri həm qlobal enerji təhlükəsizliyi baxımından, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir.

– Azərbaycanın Avropa üçün alternativ enerji mənbəyi kimi rolu yaxın illərdə necə dəyişə bilər?

– Yaxın illərdə bu istiqamətdə ciddi dəyişikliklərin olacağını düşünmürəm. Azərbaycan artıq etibarlı enerji tərəfdaşı olduğunu sübut edib. Bu gün Avropa üçün enerji təhlükəsizliyi məsələsi prioritetdir və Azərbaycan bu sahədə mühüm rol oynayır. Məhz buna görə də Azərbaycanın Avropa ilə enerji əməkdaşlığının gələcəkdə də davam edəcəyinə və daha da genişlənəcəyinə inanıram.

– Azərbaycanın AŞPA nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı böhran Avropa ittifaqı ilə münasibətlərə necə təsir edir?

– Bu məsələni strateji baxımdan həlledici faktor hesab etmirəm. Çünki Avropa ölkələrinin əsas siyasi qərarları daha çox Avropa Birliyi platformasında formalaşır. AŞPA isə daha çox siyasi müzakirə və debat platformasıdır. Ona görə də bu kimi qərarlar ümumi Avropa–Azərbaycan əməkdaşlığının strateji istiqamətini müəyyənləşdirən amil deyil.

– Cənubi Qafqazda təhlükəsizlik məsələləri, xüsusilə Qarabağ müharibəsi sonrası reallıqlar Avropa üçün nə qədər önəmlidir?

– Regionda yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan münaqişəni həll edib və Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin qurulması istiqamətində mühüm rol oynayır. Bu prosesdə Azərbaycanın strateji tərəfdaşı olan Turkiyə faktoru da böyük əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə regionda sabitliyin qorunmasında mühüm rol oynayan güclərdir.

– Azərbaycan–Ermənistan münasibətləri və mümkün sülh sazişi məsələsinə Avropanın rolu necə qiymətləndirilə bilər?

– Azərbaycan, artıq regionda sülh gündəliyini irəli sürən tərəf kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşması istiqamətində təşəbbüs də əsasən Azərbaycandan gəlir. Problemlərin bir hissəsi isə Ermənistan daxilində mövcud olan siyasi və ideoloji faktorlarla  bağlıdır. Uzun illər regionda müxtəlif geosiyasi maraqlar mövcud olub və bu təsirlər hələ də müəyyən səviyyədə qalmaqdadır. Avropa isə hər zaman öz maraqları üzərindən çıxış edir. Bununla belə, Ermənistan cəmiyyətində sülhə olan tələbat da artır. Ümid etmək olar ki, regionda dayanıqlı sülhün əldə olunması üçün real imkanlar yaranacaq.

Tahirə Qafarlı

Chosen
29
hafta.az

1Sources