Avrasiyanın yeni logistik aortasının önəmi daha da artır
Yaxın Şərqdə baş verən hadisələr təbii olaraq regional proseslərə təsir göstərir - bəzən, bu, yalnız hərbi-siyasi prizma ilə izah edilsə də, konturlar daha genişdir. 2025-ci ilin sonuna qədər qlobal əməkdaşlıq imkanlarının yeni alətlərinin formalaşdırılması prosesi sürətlə inkişaf edirdi - yeni dönəmdə perspektivlər, gözləntilər və reallıqlar üzərindən bu müstəvinin formalaşdırılması üzərində strateji fəaliyyət ortaya qoyulurdu. Amma son iki ayda baş verənlərə daha geniş miqyasda baxdıqda aydın olur ki, bu qarşıdurmalar həm də qlobal iqtisadi nizama yeni ştrixlər gətirir. Sirr deyil ki, müasir dövrün əsas mübarizəsi enerji resurslarına və ticarət yollarına nəzarət uğrunda aparılır. Tarix boyu böyük güclərin rəqabət meydanı olan əsas marşrutlar bu gün də qlobal geosiyasətin taleyini müəyyənləşdirir. Son dövrlərdə baş verən hadisələrin xronoloji ardıcıllığına nəzər saldıqda qarşıdurmaların bir neçə strateji ticarət xətti ətrafında cəmləşdiyini görmək mümkündür:
- Süveyş kanalı üzərində yaranan gərginliklər:
- Mərkəzi Avropa - Arktika istiqamətində formalaşan Şimal ticarət marşrutu ətrafındakı müharibə;
- Yaxın Şərq və Hind okeanı istiqamətindəki Cənub ticarət xəttinin təhlükə parametrlərinin yüksəkliyi;
- Atlantik okeanı ilə Sakit okeanı birləşdirən Panama kanalının strateji əhəmiyyəti bu mənada xüsusi yer tutur. Bu marşrutların hər biri qlobal logistika sisteminin vacib komponentidir və bu xətlər üzərində yaranan istənilən siyasi və ya hərbi gərginlik dünya iqtisadiyyatının ritminə birbaşa təsir göstərir.
Məhz belə bir şəraitdə yeni və daha təhlükəsiz logistika marşrutu olaraq Zəngəzur dəhlizi (TRIPP) diqqət mərkəzinə düşür. Avrasiyanın mərkəzində yerləşən və Şərqlə Qərbin təbii qovşağı sayılan Azərbaycan yeni iqtisadi düzənin formalaşmasında xüsusi rol oynamağa başlayıb. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və siyasi sabitliyi onu qlobal logistika sistemində vacib halqaya çevirir.
Bakı qovşaq yaradıb...
Hazırki konfrantasiyaların fonunda Zəngəzur dəhlizi (TRIPP) bütövlükdə Avrasiya məkanında ticarət xəritəsini dəyişdirə biləcək strateji təşəbbüsə çevrilir. Əlverişli və qısa ticarət marşrutlarının axtarıldığı bir dövrdə bu dəhliz Şərqlə Qərb arasında ən rasional alternativlərdən biri kimi ön plana çıxır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yaratdığı müasir logistika infrastrukturu da bu təşəbbüsün reallaşması üçün möhkəm baza formalaşdırır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı qələbə və 2023-cü ilin sentyabrında ölkə ərazisində separatizmin tamamilə aradan qaldırılması regionda təhlükəsizlik mühitini köklü şəkildə dəyişdirdi. Bu proses Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşdırdı və regionun iqtisadi potensialının açılması üçün yeni imkanlar yaratdı. Artıq Cənubi Qafqaz yalnız geosiyasi rəqabət zonası deyil, həm də qlobal ticarət və əməkdaşlıq üçün perspektivli məkan kimi xarakterizə olunur. Bu təşəbbüs qlobal iqtisadi münasibətlərin yeni mərhələsinin mühüm elementinə çevrilir və Avrasiyanın iqtisadi inteqrasiyasında yeni bir səhifə açır.
Azərbaycanın formalaşdırdığı Cənubi Qafqaz reallıqları
Zəngəzur (TRIPP) dəhlizinin hazırki dönəmdə real çıxış yolu olmasını şərtləndirən amillərə nəzər salsaq, bir sıra elementləri vurğulamalıyıq - ilk növbədə Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda formalaşan yeni təhlükəsizlik mühiti bölgənin geosiyasi və iqtisadi mənzərəsini köklü şəkildə dəyişdirdi. Azərbaycanın əldə etdiyi qələbə Mərkəzi Asiyadan keçən və Çin iqtisadi məkanını Qərb bazarları ilə birləşdirən ticarət xəttinin məhz bu regiondan keçməsini zəruri etdi. Bu marşrut Çin - Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya - Avropa istiqamətində formalaşan geniş logistika sisteminin əsas komponentlərindən biri kimi çıxış edir. Azərbaycan isə bu sistemin əsas koordinasiya mərkəzidir - Bakı həm siyasi təşəbbüsləri, həm də həyata keçirdiyi iri infrastruktur layihələri vasitəsilə regionun tranzit potensialını reallaşdırmağa nail olub. Zəngəzur dəhlizi (TRIPP) isə bu logistika sisteminin tamamlayıcı elementi kimi xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz Cənubi Qafqazın uzunmüddətli sülh və əməkdaşlıq platformasına çevrilməsi üçün real mexanizmdir:
- Dəhliz region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığı artıraraq münaqişə risklərini minimuma endirir;
- Dəhliz qlobal tərəfdaşlığın qütblərarası imkanlarını genişləndirir.
- Bu layihə Türkiyə ilə Avropa arasında yeni iqtisadi mərhələnin başlanmasına şərait yaradır. Türkiyənin Avropa üçün vaciblilik indeksini artırır.
- Nəhayət, ən mühüm amillərdən biri dəhliz Çin ilə Qərb arasında iqtisadi sabitliyin qorunmasına xidmət edir. Alternativ və təhlükəsiz ticarət marşrutunun mövcudluğu qlobal logistika sisteminin dayanıqlığını oturuşdurur.
Göründüyü kimi, Bakının təşəbbüsü ilə irəli sürülən bu layihə yalnız regional nəqliyyat xətti deyil, həm də geniş mənada yeni təhlükəsizlik və əməkdaşlıq konsepsiyası kimi qiymətləndirilə bilər.
İqtisadi səmərəlilik indeksi yüksəkdir
Zəngəzur dəhlizinin (TRIPP) izahı siyasi və geosiyasi baxımdan daha çox iqtisadi səmərəlilik baxımından verilməlidir. Müasir qlobal iqtisadi sistemdə logistika xərclərinin azaldılması və ticarət marşrutlarının optimallaşdırılması dövlətlərin iqtisadi strategiyalarında əsas prioritetlərdən biri hesab olunur. Bu baxımdan, Zəngəzur dəhlizi (TRIPP) digər alternativ marşrutlarla müqayisədə bir sıra mühüm üstünlüklərə malikdir.
- Marşrut coğrafi baxımdan daha qısa olmaqla yük daşımalarının vaxtını əhəmiyyətli dərəcədə azaldır. Vaxt faktoru isə beynəlxalq ticarətdə ən vacib amillərdən biridir. Yüklərin daha qısa müddətdə çatdırılması həm logistik xərcləri azaldır, həm də ticarət dövriyyəsinin sürətini artırır.
- Marşrutun geniş coğrafi əhatəyə malik olması xüsusi üstünlükdür. Zəngəzur dəhlizi (TRIPP) yalnız Cənubi Qafqaz ölkələri üçün deyil, həm də Mərkəzi Asiya dövlətləri, Türkiyə, Yaxın Şərq və Avropa üçün strateji əhəmiyyət daşıyır. Bu dəhliz vasitəsilə formalaşacaq logistika şəbəkəsi Avrasiyanın böyük bir hissəsini əhatə edə bilər;
- Marşrutun dayanıqlılığı da diqqəti cəlb edən məsələlərdəndir. Bununla yanaşı, Zəngəzur dəhlizi yalnız tranzit marşrutu deyil, həm də yeni iqtisadi imkanların formalaşmasına şərait yaradır. Dəhliz boyunca logistika mərkəzlərinin, sənaye zonalarının və yeni iqtisadi klasterlərin yaradılması regionun iqtisadi inkişafını sürətləndirə bilər. Təsadüfi deyil ki, Bakının Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı oratya qoyduğu mövqedə bu amil xüsusən parlaq şəkildə vurğulanır.
- Qlobal Cənub ölkələri üçün də bu layihə xüsusi maraq doğurur. Körfəz ölkələri, Yaxın Şərq dövlətləri və Asiyanın bir sıra iqtisadi mərkəzləri üçün Avropaya çıxış imkanlarının genişlənməsi yeni ticarət perspektivləri yaradır.
Ortaya çıxan nəticə onu göstərir ki, Zəngəzur dəhlizi (TRIPP) qlobal logistika sisteminin effektivliyini artıran mühüm element kimi qiymətləndirilir. Bu layihə regionun iqtisadi inkişafına güclü impuls verir.
Zəngəzur dəhlizi (TRIPP) ətraf kataklizmlərdən təsirlənməyəcək...
Təhlükəsizlikdən bəhs açarkən ətrafımızda baş verən proseslərin nəzərə alınması da zəruri şərtə çevrilir. Ənənəvi olaraq baş verən kataklizmlər və regional gərginliklər çox vaxt iri iqtisadi layihələrin reallaşmasına, fəaliyyətinə bu və ya digər şəkildə təsir göstərir. Yaxın Şərqdə davam edən münaqişələr, böyük güclər arasında artan rəqabət və müxtəlif regionlarda müşahidə olunan siyasi qeyri-sabitlik beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyini daim gündəmdə saxlayır. Hətta bəzi iqtisadçı ekspertlər regionun mürəkkəb geosiyasi vəziyyətini nəzərə alaraq marşrutun gələcəyi ilə bağlı müəyyən risklərin mövcudluğunu da istisna etmirlər.
Amma bu belə deyil - Azərbaycanın bölgədə yaratdığı təhlükəsizlik mühiti və həyata keçirdiyi sabitlik siyasəti regionun logistika layihələri üçün etibarlı platformaya çevrilməsinə imkan verir. Zəngəzur dəhlizinin (TRIPP) də ən böyük üstünlüklərindən biri regional gərginlikləri azaltmaq potensialıdır. İqtisadi əməkdaşlıq və qarşılıqlı maraqların güclənməsi siyasi qarşıdurmaların zəifləməsinə gətirib çıxarır. Tarix də göstərir ki, iqtisadi inteqrasiya münaqişələrin qarşısını alan ən effektiv mexanizmlərdən biridir. Digər tərəfdən, bu dəhliz Qərb və Çin arasında mövcud olan Şimal-Cənub ticarət marşrutları ilə inteqrasiya imkanlarını da genişləndirə bilər. Bu isə Avrasiyada daha çevik və çoxşaxəli logistika şəbəkəsinin formalaşmasına şərait yaradar. Beləliklə, Azərbaycanın müəllifi olduğu reallıqlar gərginliklərə tabe olmur - əksinə, sabitləşdirici faktora çevrilir.
Yeni enerji marşrutlarının dəstəkçisi...
Zəngəzur dəhlizinin (TRIPP) öz analogiyalarından əsas fərqi genişspektrli olmasıdır. Dəhliz yalnız nəqliyyat və logistika layihəsi kimi deyil, həm də enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edə bilər. Təsadüfi deyil ki, Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xəzər hövzəsinin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması üçün həyata keçirilən layihələr ölkəni regionun əsas enerji mərkəzlərindən birinə çevirib. Bu baxımdan yeni nəqliyyat və kommunikasiya marşrutlarının yaradılması enerji layihələrinin də genişlənməsinə əlavə imkanlar yaradır. Müasir dövrdə regional konfrantasiyalar zamanı ənənəvi enerji marşrutlarının bağlanmasının təsirləri açıq şəkildə hiss olunur.
Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə yalnız ənənəvi enerji resurslarının deyil, həm də “yaşıl enerji”nin Avropa bazarlarına çatdırılması perspektivləri də mövcuddur. Azərbaycan son illərdə bərpa olunan enerji sahəsində böyük layihələr həyata keçirir və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan edilməsi də bu strategiyanın mühüm elementlərindən biridir. Bu baxımdan Zəngəzur dəhlizi (TRIPP) yeni enerji xətlərinin çəkilməsi üçün əlverişli marşrut hesab olunur. Elektrik enerjisi ötürmə xətləri, enerji infrastrukturu və digər texniki layihələr bu dəhliz boyunca inkişaf etdirilə bilər.
Münaqişə riskini azaldan amil...
Bu gün qlobal düşüncədə ən aparıcı element sayılan ticarətin davamlığını təmin etmək strateji zərurət halına gəlib. Zəngəzur dəhlizi (TRIPP) isə Avrasiya məkanında bu məsuliyyəti üzərinə götürə bilər. Çünki Zəngəzur dəhlizi (TRIPP) yalnız regional təşəbbüs deyil, həm də qlobal logistika sisteminin şaxələndirilməsinə xidmət edən strateji layihədir. Eyni zamanda, bu layihə regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə də xidmət edə bilər. İqtisadi inteqrasiyanın güclənməsi, qarşılıqlı ticarətin artması və regional layihələrin genişlənməsi münaqişə risklərini azaldan əsas amillərdən biridir.
Pərviz SADAYOĞLU