EN

Ramos-Horta: Dünyada sülh üçün cəsarətli liderlərə ehtiyac var

BAKI, 12 mart. TELEQRAF

Dünyada sülhün getdikcə əlçatmaz bir ilğıma çevrildiyi və beynəlxalq hüququn selektiv tətbiq edildiyi bir şəraitdə, qlobal liderlərin sülh naminə cəsarətli addımlar atmasına ehtiyac var.

Teleqraf xəbər verir ki, bu barədə Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

Prezident Jose Ramos-Horta çıxışında İran və Fələstində baş verən hərbi münaqişələrin dəhşətli nəticələrindən bəhs edərək, məktəblilərin və müəllimlərin öldürülməsini "mənasız qəddarlıq" adlandırıb.

O, Yaxın Şərqdə alovlanan münaqişələrin bütün dünyaya təsir etdiyini və beynəlxalq ictimaiyyətin bu zorakılığın qarşısını almaqda məsuliyyət daşıdığını vurğulayıb.

Siyasətçi qeyd edib ki, İraq, Əfqanıstan və İran-İraq müharibələrinin qanlı dərsləri unudulmamalıdır:

"Liderlər tarixdən dərs çıxarmayanda tarix təkrarlanır".

Azərbaycanın sülh quruculuğundakı rolunu yüksək qiymətləndirən Jose Ramos-Horta bildirib:

"Mən Prezident İlham Əliyevi Ermənistanla onilliklər boyu davam edən münaqişəyə son qoymaqda göstərdiyi liderliyə görə layiq görüldüyü 2026-cı il "İnsan Qardaşlığı üzrə Zed Mükafatı" münasibətilə təbrik edirəm. Eyni zamanda, bu mükafatın digər qalibi, Ermənistanın Baş naziri Nikol Paşinyanı da təbrik edirəm. Azərbaycan və Ermənistan arasındakı tarixi sülh sazişi dünyada müdrik sülh liderlərinin kəskin çatışmazlığı olduğu bir vaxtda imzalanıb”.

Jose Ramos-Horta əlavə edib ki, beynəlxalq hüquq seçici şəkildə tətbiq edildikdə, qaydalar yalnız bəzilərini qorumaq üçün istifadə olunduqda etimad itir və legitimlik sarsılır.

O, Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrin müdrik liderlər tərəfindən idarə olunduğunu, onların bölgədə rifah və sülhü təmin etdiklərini nümunə göstərib.

Sonda Prezident XIII Qlobal Bakı Forumuna ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib.

Chosen
46
teleqraf.com

1Sources