EN

Paşinyana EV TAPŞIRIĞI – Ermənistanda Türkə nifrət NİYƏ azalmır?

ABŞ-nin Respublikaçılar İnstitutu Ermənistanda sorğu keçirib. Parlament seçkilərinə üç ay qalmış – ötən ay təşkil edilən plebissitin nəticələrinə görə, rəyi soruşulanların 80%-i Azərbaycanı, 69% isə Türkiyəni Ermənistanın ən təhlükəli düşmənləri kimi göstəriblər. Yəni bölgədə həmişə sülhə qarşı olan Rusiya yox, məhz Azərbaycan və Türkiyə.

Belə nəticə hasil olur ki, erməni cəmiyyətində Türkə nifrət hələ də güclü olaraq qalır. Bu isə ən əvvəl Moskvanın xeyrinə işləməklə bərabər, konstitusiya referendumun müsbət nəticəsindən dolayı müəyyən suallar yaradır. Əcəba, erməni cəmiyyəti Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer almayacağı yeni konstitusiyanın əleyhinəmi səs verəcək? Yəni hərb və sülh arasında seçimdə birincinimi seçəcək?

Elxan

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Ermənistanda keçirilən sorğunun nəticələri ermənilərin əksər hissəsinin Azərbaycan və Türkiyə ilə sülhün və əməkdaşlığın əleyhinə olduğunu göstərir:

“Halbuki Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin qısa müddətdə imzalanmasını istəyir. Azərbaycan da bunu istəyir. Ancaq sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Sorğu nəticələrinə görə, ermənilərin əksəriyyəti Azərbaycanı və Türkiyəni düşmən dövlətlər kimi dəyərləndirsələr də, böyük ehtimalla həmin ermənilər müharibədən ehtiyat edirlər. Çünki İkinci Qarabağ müharibəsindən cəmi 5 il keçib və ermənilər anlamamış deyillər ki, növbəti müharibədə yenidən ağır məğlubiyyətlə üzləşəcəklər.

Bununla belə, sorğu nəticələrinə görə, ermənilərin əksər hissəsinin Azərbaycana və Türkiyəyə düşmən gözüylə baxması xalqlar arasında barışığın yaxın illərdə mümkün olmayacağını göstərir. Rəhbəri olduğum “Atlas” Araşdırmalar Mərkəzi də müxtəlif illərdə dost və düşmən dövlətlər barədə sorğular keçirib. Həmin sorğularda soydaşlarımızın da mütləq əksəriyyəti Ermənistanı düşmən dövlət kimi dəyərləndirmişdilər. İndinin özündə soğru keçirsək, nəticə çox da fərqlənməyəcək. Çünki Ermənistanın Qarabağdakı erməni separatçılarla birgə Azərbaycan və azərbaycanlılara qarşı törətdikləri unudulmayacaq”.

Ekspert diqqəti daha bir nüansa cəlb edib:

“Maraqlıdır ki, ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusunda parlament seçkilərinin mümkün nəticələrinə aid sualında hakim “Vətəndaş Müqaviləsi” partiyası 24 faizlə ən çox səs alıb. Müxalifət partiyaları isə ümumilikdə 15 faiz səs alıblar. Bu o deməkdir ki, baş nazir Nikol Paşinyanın partiyasını dəstəkləyən ermənilər içərisində də Azərbaycana və Türkiyəyə düşmən gözüylə baxanlar var. Halbuki Paşinyanın özü Azərbaycanı və Türkiyəni ölkəsinin düşməni hesab etmədiyini bəyan eləyir, bölgə ölkələri ilə əməkdaşlığın tərəfdarı olduğunu deyir. Bu ziddiyyətdir və Paşinyan bölgə xalqları arasında barış istəyirsə, cəmiyyətində izahat işini gücləndirməlidir”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
25
musavat.com

1Sources