EN

“Peşə təhsili gəncləri əmək bazarına daha hazır çıxarır” – Günay Əkbərova

"Son illər dünyada olduğu kimi Azərbaycanda da peşə təhsilinə baxış tədricən dəyişir. Əslində inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, güclü iqtisadiyyat yalnız universitet diplomları ilə deyil, həm də yüksək ixtisaslı texniki və peşəkar kadrlarla qurulur. Almaniya, Avstriya, İsveçrə kimi ölkələrdə “dual təhsil” modeli geniş tətbiq olunur: tələbə həm məktəbdə oxuyur, həm də paralel olaraq müəssisədə işləyərək real istehsalat mühitində təcrübə qazanır. Bu model məzunların əmək bazarına daha hazır şəkildə çıxmasına kömək edir. Azərbaycanda da son illərdə peşə təhsilinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Yeni peşə təhsil mərkəzləri yaradılıb, mövcud müəssisələrin infrastrukturu yenilənib, bir sıra proqramlar əmək bazarının tələblərinə uyğun olaraq yenidən hazırlanıb. Eyni zamanda işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələr həyata keçirilir ki, tələbələr təhsil aldıqları müddətdə real iş mühitini tanısınlar və praktiki bacarıqlar qazansınlar".

Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Qeyd edək ki, son illər Azərbaycanda peşə təhsilinin inkişafı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələsi aktuallığını artıran mövzulardan biri kimi diqqət çəkir. Sahibkarlar və biznes nümayəndələri bildirirlər ki, bəzi hallarda peşə məktəblərini bitirən gənclərin əldə etdiyi bilik və bacarıqlar real istehsalat və xidmət sahələrinin ehtiyaclarına tam cavab vermir. Xüsusilə məzunların praktiki hazırlıq səviyyəsi, müasir texnologiyalarla işləmək bacarıqları və iş mühitinə uyğunlaşma imkanları ilə bağlı məsələlər müzakirələrdə əsas yer tutur.

G. Əkbərova qeyd edib ki, bu yanaşma olduqca vacibdir. Çünki müasir iqtisadiyyatda yalnız nəzəri bilik deyil, praktik səriştə də mühüm rol oynayır.

Chosen
80
aznews.az

1Sources