EN

Avropa Birliyi “köhnə dünya düzənini bitmiş elan” etdi - “xaos və məcburetmə qaydalarına uymalıyıq”...



Təbriz Musayev: “Avropa ABŞ-sız qitənin təhlükəsizlik çətirini qurmaq istəyir”

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı səfirləri qarşısında çıxışı zamanı Avropanın köhnə dünya nizamını təkbaşına qoruya bilməyəcəyini vurğulayıb. O, geosiyasi reallıqların dəyişdiyini qeyd edərək, Aİ-nin xarici siyasətinin daha realist, maraqlara əsaslanan və daha güclü olmasının vacibliyini bildirib.

Lyayen qeyd edib ki, Avropa artıq "köhnə dünya nizamının qoruyucusu" ola bilməz və "daha real və maraqlara əsaslanan xarici siyasətə" ehtiyac duyur. Onun fikrincə, birlik qaydalara əsaslanan sistemi həmişə müdafiə edəcək və dəstəkləyəcək", lakin artıq Avropa maraqlarını qorumaq və qitəni təhdidlərdən qorumaq üçün ona etibar edə bilməz: “Müharibədən sonrakı sabitlik və çoxtərəflilik dünyasında hazırlanmış doktrinamızın, təsisatlarımız və qərar qəbuletmə proseslərimizin ətrafımızdakı dəyişiklik sürətinə uyğun olub-olmadığını təcili olaraq düşünməliyik”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, prinsipcə, Ursula fon der Lyayenin belə bir təşəbbüslə çıxış etməsi yenilik deyil: “Düz bir ildir Avropa İttifaqında bununla bağlı müzakirələr gedir. Ötən ilin fevralında ABŞ vitse-prezidenti Cey Di Vensin Münhen Təhlükəsizlik Konfransında sərt çıxışı, Tramp administrasiyasının Avropanın təhlükəsizliyinə etinasız münasibəti belə bir vəziyyətin yaranmasına səbəb olub. Xüsusən də Donald Tramp prezident olandan sonra ABŞ-ın Ukraynaya silah yardımını dayandırması bu məsələdə vacib rol oynadı. Trampa qədər Ukraynaya ən çox silah yardımı edən Birləşmiş Ştatlar idi. Yəni ABŞ öz vəsaiti ilə silah yardımı edirdi. Artıq bir ildir bu yoxdur. Avropa İttifaqı bir sıra silahları pulla ABŞ-dan alıb Ukraynaya göndərir. Avroittifaq rəhbərliyi yaxşı bilir ki, Ukrayna təslim olsa, bu, birinci növbədə onların təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək. Artıq neçə müddətdir Avropa İttifaqı ölkələri Rusiyanın kiber hücumlarına məruz qalır. Strateji əhəmiyyətli nəqliyyat, enerji obyektlərində bir sıra diversiyalar törədilib. Məlum məsələdir ki, bütün bunlarda Rusiyanın əli var. Ona görə də Avropa ABŞ-sız qitənin təhlükəsizlik çətirini qurmaq istəyir. Avropada iki ölkə - Fransa və Böyük Britaniya nüvə silahına malikdir. Ancaq problem ondadır ki, Avropa ABŞ qədər hərbi peyklərə, güclü hava hücumundan müdafiə vasitələrinə malik deyil. Digər tərəfdən artıq Avropa ölkələri məcburi hərbi xidməti bərpa edirlər. Halbuki, 2011-ci ildə Almaniya bunu dayandırmışdı. Ancaq Rusiya təhlükəsi Xorvatiya, Almaniya və digər Avropa ölkələrini yenidən məcburi hərbi xidməti bərpa etməyə vadar edir”.

Vidadi ORDAHALLI

Chosen
48
baki-xeber.com

1Sources