EN

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirə biləcək mühüm layihədir

Bakı, 11 mart, AZƏRTAC

Son günlər Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq təhlükəsizlik və qlobal iqtisadi sabitlik baxımından ciddi narahatlıqlar doğurur. ABŞ və İsrail ilə İran arasında artıq on gündür davam edən hərbi qarşıdurma regionu daha mürəkkəb və təhlükəli mərhələyə sürükləyib. Bu qarşıdurma yalnız regional təhlükəsizlik məsələsi deyil, eyni zamanda, qlobal enerji və ticarət sisteminə təsir göstərə biləcək ciddi geosiyasi risklər yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, baş verənlər fonunda İranın dünyanın ən mühüm enerji və ticarət marşrutlarından biri olan Hörmüz boğazı üzərində nəzarəti sərtləşdirməsi və boğazın bağlanması ilə bağlı addımlar qlobal enerji bazarında ciddi narahatlıqlara səbəb olub.

“Eyni zamanda Yaxın Şərqdə bəzi ərəb ölkələrinin hərbi hücumlara məruz qalması regiondakı təhlükəsizlik balansını daha da kövrək vəziyyətə gətirərək beynəlxalq ticarət yollarının təhlükəsizliyi məsələsini yenidən gündəmin əsas mövzularından birinə çevirib. Belə mürəkkəb və qeyri-müəyyən geosiyasi şəraitdə alternativ nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti daha da artır. Xüsusilə Cənubi Qafqazda formalaşmaqda olan yeni nəqliyyat xətləri və strateji layihələr regionun gələcək iqtisadi və geosiyasi rolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi təkcə regional layihə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən yeni və daha təhlükəsiz quru tranzit marşrutunun formalaşması baxımından strateji əhəmiyyət daşıyır”, - deyə Nadir Azəri vurğulayıb.

N.Azəri deyib ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirə biləcək mühüm layihə olmaqla yanaşı, Avropa ilə Asiya arasında daha etibarlı və dayanıqlı tranzit xəttinin formalaşmasına xidmət edə bilər: “Bu dəhliz Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, eyni zamanda Türkiyə ilə birbaşa nəqliyyat əlaqələrinin genişlənməsinə imkan yaradacaq. Beləliklə, Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin güclənməsinə mühüm töhfə verərək regionun beynəlxalq tranzit sistemində rolunu artıra bilər. İqtisadi-maliyyə tərəfdən baxsaq, bu layihənin reallaşması yükdaşımaların həcminin artmasına, logistika xərclərinin azalmasına və daşınma müddətinin qısalmasına şərait yaradaraq region ölkələrinin qlobal ticarət zəncirinə daha fəal inteqrasiyasına imkan verə bilər. Eyni zamanda, Zəngəzur dəhlizi regional iqtisadi əməkdaşlığın dərinləşməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Dəhlizin açılması Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrinin genişlənməsinə, yeni logistika və sənaye layihələrinin reallaşmasına və ümumilikdə iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verə bilər”.

N.Azərinin sözlərinə görə, bütün bunları nəzərə aldıqda demək olar ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın strateji iqtisadi və geosiyasi mövqeyini gücləndirə biləcək mühüm layihələrdən biridir. Onun reallaşması regionu Avropa ilə Asiya arasında mühüm tranzit və logistika qovşaqlarından birinə çevirərək uzunmüddətli iqtisadi inkişaf və əməkdaşlıq üçün yeni perspektivlər aça bilər.

Chosen
71
35
azertag.az

10Sources