EN

Azərbaycanlıların pulu ciblərində qalacaq?

Son günlər Yaxın Şərqdə baş verən proseslər, ABŞ, İsrail və İran müharibəsi bir sıra sahələrdə risklər formalaşdırır.

Mütəxəssislər mövcud vəziyyətin bir sıra sahələrə mənfi təsir göstərəcəyini bildiririlər. 

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin Baş direktoru Redmond Ramsdeyl bildirib ki, İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar ən çox risklərə məruz qalan sahələr - infrastruktur, turizm, aviasiya sahəsi və daşınmaz əmlak bazarıdır:

“Tamamilə aydındır ki, daşınmaz əmlak sektoru digər istiqamətlərlə müqayisədə bankların əhəmiyyətli dərəcədə daha böyük ekspozisiyaya malik olduğu sahədir. Bu, həmin regionun xarakterik cəhətidir. Lakin vəziyyət ölkədən-ölkəyə fərqlənir.

Məsələn, Küveyti nəzərdən keçirsək, məhdud təklif həcminə, genişmiqyaslı xarici mənzil mülkiyyətinin olmamasına və bir sıra digər amillərə görə görünür ki, orada risk səviyyəsi daha aşağıdır. 

Eyni zamanda BƏƏ, böyük ehtimalla, yüksək risk zonasındadır, çünki orada tikinti fəallığı son dərəcə yüksək templərlə artırdı. Aydındır ki, xarici mütəxəssislərin davamlı kənara axını halında, bu, bazara təzyiq yarada, qiymət korreksiyasına və digər mənfi nəticələrə təkan verə bilər. Çox şey bu münaqişənin hansı şəkildə inkişaf edəcəyindən asılı olacaq".

Baş verən proseslər azərbaycanlıların daşınmaz əmlak bazarında alıcılıq qabiliyyətinə necə təsir edəcək?

Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, statistikaya əsasən, azərbaycanlıların ən çox əmlak aldığı ölkə Rusiyadır: 

“Azərbaycandan ən çox əmlak alanlar da Rusiya vətəndaşlarıdır. Çünki Rusiyada 2 milyon nəfərdən artıq azərbaycanlı yaşayır. Onlar orada uzun müddət yaşadıqlarına görə, burada aldıqları kimi orada da əmlak alırlar. 

Azərbaycanlıların ən çox daşınmaz əmlak aldıqları ölkələrdən biri də Türkiyədir. Eləcə də Gürcüstandan, Avropa ölkələrindən daşınmaz əmlak alırlar. Ancaq çox az sayda azərbaycanlı Şərq ölkələrindən daşınmaz əmlak alır.

Şərq ölkələrindən ən çox üstünlük təşkil edən ölkə Dubaydır. Dubayda yalnız azərbaycanlılar deyil, müxtəlif ölkələrdən yatırımlar olub. Azad iqtisadi ölkə olduğuna görə, orada daşınmaz əmlaklara, biznes sahələrinə tələbat həddindən artıq çoxdur. 

Təbii ki, baş verən müharibə qonşu ölkədə olduğuna görə, heç bir halda xoşagələn hal deyil. İranla iqtisadi əlaqələrimiz var. İstər ərzaq, istərsə də qeyri-qida məhsulları alırıq. Həmin ölkədəki müharibə oradan idxal etdiyimiz məhsulların qiymətində bahalaşmaya gətirib çıxara bilər.

Ancaq İranda baş verən prosesin Azərbaycanın əmlak bazarına təsiri olmayacaq. Hazırda İranın hava məkanı, həm də Azərbaycan-İran quru sərhədləri bağlıdır. İrandan Azərbaycana keçənlər bir öz vətəndaşlarımızdır, bir də xarici ölkə vətəndaşlarıdır ki, onlar keçid üçün müharibə ilə bağlı bizim sərhədlərdən istifadə edirlər. 

İran vətəndaşlarının Azərbaycana gediş-gəlişi mümkün deyil. Bu da əmlak bazarına elə də təsir etməyəcək. İqtisadi əlaqərimizin güclü olduğu ölkələrdə çalışan azərbaycanlılar var ki, orada qazandıqları pulla burada əmlak alırlar. Həmin ölkələrdə əgər mövcud vəziyyət onların bizneslərinə mənfi təsir göstərərsə, onların alıcılıq qabiliyyətini aşağı sala bilər.

Bu da cəmi bir neçə fazi təşkil edər. Dubaydan ev alan azərbaycanlılar adi insanlar deyil, çox böyük imkanlı şəxslərdir. Orada əmlakın qiyməti kəskin bahadır. Dubayda əmlak alan azərbaycanlının  ən azından digər əmlaklarda da  nağd kapitalda bir neçə milyonu var”.    

Chosen
66
1
cebheinfo.az

2Sources