EN

Milli Məclisdə süni intellektin kənd təsərrüfatında tətbiqi müzakirə olunub -Fotolar



Martın 11-də parlamentdə Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmə keçirilib.

Qonaqları salamlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.
Komitə sədri bildirib ki, son illərdə Azərbaycanda rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılıb və müxtəlif sahələri əhatə edən müasir rəqəmsal platformalar formalaşdırılıb.
Tahir Rzayev diqqətə çatdırıb ki, cari ilin fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkədə rəqəmsal inkişafın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Komitə sədri qeyd edib ki, həmin müşavirədə rəqəmsal idarəetmə sistemlərinin təkmilləşdirilməsinə, süni intellekt texnologiyalarının geniş tətbiqinə və dövlət xidmətlərinin daha effektiv təşkilinə dair mühüm vəzifələr müəyyənləşdirilib. O, vurğulayıb ki, bu proseslər aqrar sektorun da rəqəmsal transformasiyasına güclü təkan verir və kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və aqrar idarəetmənin daha effektiv təşkilinə geniş imkanlar yaradır.
Tahir Rzayev bildirib ki, ictimai dinləmənin keçirilməsinin məqsədi də bu sahədə mövcud vəziyyəti, əldə olunan nəticələri və qarşıda duran vəzifələri müzakirə etmək, mütəxəssislərin, alimlərin və aidiyyəti qurumların təkliflərini dinləməkdir. O, dinləmədə aparılacaq müzakirələrin kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı daha səmərəli yanaşmaların formalaşmasına və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəcəyinə əminliyini bildirib.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov diqqətə çatdırıb ki, son illərdə Azərbaycanda aqrar sahədə rəqəmsal transformasiya istiqamətində mühüm layihələr həyata keçirilir, elektron kənd təsərrüfatı informasiya sistemi təkmilləşdirilir, fermerlərin müasir texnologiyalara çıxış imkanları genişləndirilir. O, vurğulayıb ki, süni intellekt əsaslı həllərin tətbiqi torpaq və bitki monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, suvarma və digər aqrotexniki proseslərin daha səmərəli idarə olunmasına xidmət edir.

Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın artıq ikinci mərhələsini həyata keçirir. O, bildirib ki, Aqrar Süni İntellekt layihəsi çərçivəsində aqrar sahədə qərarverməni daha dəqiq və məlumatəsaslı etmək məqsədilə 30-dan artıq süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər mənbələri birləşdirərək həm dövlətin strateji idarəçiliyinə, həm də fermer təsərrüfatlarında qərarverməyə dəstək verir. Beləliklə, aqrar idarəetmə modeli ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov bu layihə ilə bağlı slaydlarla müşayiət olunan təqdimatla çıxış edib. O, vurğulayıb ki, süni intellekt əsaslı həllərin tətbiqi vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları üzrə analitik məlumatlar formalaşdırılır və vahid rəqəmsal platformada emal olunaraq fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə çatdırılır.
Sonra dinləmədə mövzu ərafında aparılan müzakirələrdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İntizam komissiyasının sədri Eldar İbrahimov, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, deputatlar Vüqar İskəndərov, Zaur Şükürov, Vüqar Bayramov, Elman Nəsirov, Aydın Hüseynov, Naqif Həmzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva çıxış ediblər. Qeyd olunub ki, rəqəmsal texnologiyalar, böyük verilənlər bazası, avtomatlaşdırma və süni intellekt artıq aqrar sektorun inkişafında mühüm rol oynayan əsas amillərdən birinə çevriliblər. Onlar bu sahədə süni intellekt üzrə mütəxəssislərin yetişdirilməsi, aqrar sektorda ixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların və ali təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, fermerlərin informasiya sistemlərinə və rəqəmsal xidmətlərə çıxışının genişləndirilməsi, kənd təsərrüfatında yeni texnologiyalardan istifadənin stimullaşdırılması kimi məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirdə deyilən fikirlərə münasibətini bildirib.
İctimai dinləməyə yekun vuran komitə sədri Tahir Rzayev dinləmədə səslənən fikirlərin kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsinə və fermerlərin fəaliyyətinin daha effektiv təşkilinə xidmət edəcəyinə əminliyini bildirib. Komitə sədri vurğulayıb ki, dövlət tərəfindən bu sahəyə göstərilən dəstək və müasir texnologiyaların tətbiqi ölkəmizin ərzaq təhlükəsizliyini daha da möhkəmləndirəcək.
Tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Novruzəli Aslanov, Aydın Mirzəzadə, Arzuxan Əli-zadə, Mahir Süleymanlı, Vasif Qafarov, Elnarə Akimova, Bəhruz Məhərrəmov, Xanlar Fətiyev, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov, Aparatın İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Milli Məclis Aparatının, müvafiq nazirliklərin təmsilçiləri və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.



Chosen
108
6
aia.az

7Sources