
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qəbul edilən qanun Ermənistan–Aİ münasibətlərində yeni tarixi mərhələnin başlanğıcıdır.
O, bu barədə Strasburq şəhərində Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə bəyanat zamanı danışıb.
Paşinyan çıxışında Avropa Parlamentini “demokratiya evi” adlandıraraq qeyd edib ki, Ermənistan bəzən demokratik islahatların tempini qiymətləndirmək üçün bu “evə qayıtmağa ehtiyac duyur”.
Baş nazir vurğulayıb ki, Ermənistan demokratik islahatlar yolunda Avropa İttifaqı və Avropa Parlamentinin dəstəyindən istifadə edir.
Onun sözlərinə görə, son iki il yarım ərzində tərəflər arasında müzakirə olunan mövzuların inkişafı da diqqət mərkəzindədir.
Paşinyan xüsusilə qeyd edib ki, 2025-ci ildə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul olunaraq qüvvəyə minib.
Baş nazir bildirib ki, bu qərar Ermənistan ilə Avropa İttifaqı arasında münasibətlərdə yeni tarixi mərhələ açır və ölkədə demokratik və xalq yönümlü islahatların davam etdirilməsi üçün əlavə stimul yaradır.