EN

“Bir pəncərə” sistemi nə vaxtdan elan olunacaq?

- 2026-cı ildən başlayaraq QHT-lər daha geniş imkanlara və müsabiqələrə çıxış əldə edə biləcək, şansları artacaq. Budəfəki müsabiqələrdə uğur qazana bilməyən təşkilatlar da il ərzində Agentliyin tərəfdaş qurumlarla birlikdə keçirəcəyi müsabiqələrdə iştirak edə bilər. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərmanı bu sahədə yeni səhifə açıb.

QHT.az xəbrə verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva  AZƏRTAC-a müsahibəsində bildirib.

"Məlum olduğu kimi, hazırda dövlət büdcəsindən QHT-lərə vəsaitlər 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar”ın siyahısı üzrə 9 nazirlik (Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), digər 4 qurum (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya), o cümlədən bu siyahıda adı olmayan digər 3 qurum - Azərbaycan Respublikasının Gənclər Fondu, KOBİA və ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi tərəfindən açılır.

“Bir pəncərə” sistemi üzrə bu 16 qurumun QHT-lərlə işinin vahid koordinasiyası, təhlili aparılacaq. Fərmana görə, bundan sonra bu qurumların hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək. Yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək.

QHT Agentliyi dövlətimizin başçısının bu yüksək etimadını layiqincə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaq."

Chosen
14
qht.az

1Sources