Avropa İttifaqı Macarıstan və Slovakiyanın Ukraynaya ayrılacaq 90 milyard avroluq yardımı bloklamasına qarşı alternativ mexanizm hazırlayıb.
Musavat.com xəbər verir ki, "Politico" nəşrinin avropalı diplomatlara istinadən yaydığı məlumata görə, Brüssel yardımı ikitərəfli kreditlər şəklində göndərməyə hazırdır. Xüsusilə Baltikyanı və Şimali Avropa ölkələri Ukraynaya təxminən 30 milyard avro həcmində birbaşa kredit ayırmaq niyyətindədirlər.
Bu formatın ən böyük üstünlüyü ondan ibarətdir ki, yardımın təsdiqlənməsi üçün Aİ-yə üzv olan bütün dövlətlərin yekdil razılığı tələb olunmur. Beləliklə, Budapeşt və Bratislavanın veto hüququ əhəmiyyətsiz qalır. Diplomatik mənbələr bildirir ki, bu vəsait Ukraynanın ən azı ilin ilk yarısında iqtisadi sabitliyini qorumasına və "suyun üzündə qalmasına" imkan verəcək.
Bu addım Avropanın Kiyevə dəstək məsələsində daxili parçalanmaları aşmaq üçün daha çevik maliyyə alətlərinə keçdiyini göstərir.
Musavat.com