Buraxılış imtahanı müzakirələr yaratdı...
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda iştirak edən şagirdlər və onların valideynləri sualların çətin olması, həmçinin tədris proqramına uyğun olmaması ilə bağlı narazılıqlarını bildiriblər.
Sosial şəbəkədə sualları paylaşan valideynlərdən biri yazıb: “İmtahanda Azərbaycan dili qrammatikası blok səviyyəsində çıxıb, bu da bir daha göstərir ki, şagirdlərin universitet xəyalının repetitorsuz gerçəkləşməsi çətin olar”.
Valideynlərdən Təranə Vəliyeva isə bunları deyib: “Riyaziyyatdan açıq suallar çox çətin düşüb. Təəssüf ki, uşaqlar çox stress keçiriblər, imtahan çətin olub”.
DİM-dən AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) imtahan sualları ilə bağlı məlumat yayıb: “Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır - bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır”.
DİM-dən bildirilib ki, tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir: “Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə, imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətəuyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Burada əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu, hər il təkrarlanır.
Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz görürük ki, imtahan normal olub və iştirakçıların bilik səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib. Əvvəlki illərin imtahan nəticələrinin elmi-statistik təhlili ilə Mərkəzin saytında “Abituriyent” jurnalının 12 saylı buraxılışında tanış ola bilərsiniz.
Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını da Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir”.
Bu, doğru yanaşma deyil...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, martın 9-da keçirilən imtahan bəzi abituriyentlər, valideynlər və repetitorlar tərəfindən sualların çətinliyi baxımından dilə gətirilir: “Sanki həm repetitor müəllimlərdə, həm də abituriyentlərdə belə bir fikir formalaşıb ki, DİM mövcud bazada olan sualları imtahanlara salacaq. Mövcud baza deyəndə xüsusilə, test bazasını nəzərdə tuturam (bura DİM-in test topluları, sinif testləri, ümumiyyətlə, müxtəlif təşkilatlar tərəfindən nəşr olunan vəsaitlər daxildir). Bu, doğru yanaşma deyil, yəni DİM sual bazasını yeniləyir, hər dəfə yeni suallar təqdim edir, yaxud da köhnə təqdim olunan suallar üzərində müəyyən dəyişikliklik etdikdən sonra həmin suallar yenidən imtahanlara salınır. Bu, o demək deyil ki, imtahanda təqdim olunan suallar bütövlükdə tədris proqramlarından kənardır, hətta aşağı siniflərdə yer alan müəyyən mövzular, yaxud evə verilən tapşırıqlar var ki, onlar martın 9-da keçirilən imtahanda öz əksini tapıb. DİM-in təqdim etdiyi proqramlar, o cümlədən, Elm və Təhsil Nazirliyinin tam orta ümumtəhsil müəssisələrində nəzərdə tutulan tədris proqramı və planından kənar hər hansı bir sual yoxdur”.
“Ciddi hazırlaşan şagirdlərin də fikirlərini öyrənmişik”
Suallar üzərində düşünmənin çox vaxt aparmasına gəlincə, ekspert qeyd edib ki, məntiqi suallar düşünmə üçün bir qədər vaxt tələb edir: “Bu da qeyri-ciddi hazırlaşan şagirdlər üçün çətinlik səviyyəsinin artması deməkdir. Lakin suallar hər zamankı kimi üç bölgü prinsipi əsasında - sadə, orta və çətin səviyyədə hazırlanır. Nəzərə alsaq ki, bu il 11-ci sinfi bitirən və imtahan verən məzunlar iki il bundan qabaq 9-cu sinif üzrə buraxılış imtahanı vermişdilər. Həmin məzunlardan da 26 nəfəri buraxılış imtahanında maksimal olan 300 balı toplamışdı. İmtahan nəticələrini gözləyirik, 58 min 138 nəfər şagird imtahandan iştirak edib və təbii ki, bu qədər şagirdlər içində imtahandan narazılıq edənlər də olacaq, sualların yaxşı olduğunu bildirən də. İmtahana ciddi hazırlaşan, məsuliyyətlə yanaşan şagirdlərin fikrilərini də öyrənmişik. Onlar bildirib ki, xarici dil və Azərbaycan dili imtahanında düşən suallar asan idi. Riyaziyyatda açıq suallarla bağlı bir qədər tərəddüdlər olub, bu suallar artıq zaman alıb, ümumi olaraq isə sualları cavablandıra bildiklərini qeyd ediblər. Bəli, bəzi suallarda dinləmə mətnləri ilə bağlı texniki nasazlığını olduğunu da dilə gətirirlər, şagirdlərin bir qismi isə imtahanda vaxtın nəzarətçi tərəfindən bildirilməməsini qeyd ediblər. Ümumilikdə isə imtahan tam normal qaydada keçib, hər hansı fənndə yer alan suallarda nə elmi, nə texniki xəta olmayıb. Hətta demək olar ki, ilk dəfədir imtahanda hansısa elmi və texniki xəta olan sualla rastlaşmamışıq.
Əslində, imtahandan sonra hər il bu kimi fikirlər səsləndirilib, sualların çətin olduğu qeyd edilib. Xüsusilə də bu fikirlər ilk imtahanlar zamanı çox səsləndirilir. Bu gündən etibarən nəticələrin emal prosesinə başlanılıb, aprelin 26-na qədər elan olunacaq”.
Suallar bu il daha çətin olub...
“Elm” İctimai Birliyinin sədri, təhsil üzrə ekspert Səbuhi Abdullayev isə sualların ötən illə müqayisədə çətin olduğunu təsdiqləyib: “Ötən ilə nisbətən imtahanların bu il ümumi səviyyəsi çətin olub. Məlumdur ki, buraxılış imtahanı 3 fənn - riyaziyyat, Azərbaycan dili və xarici dil istiqamətində aparılır. Azərbaycan dilində oxuyub-anlama mətnləri kifayət qədər geniş və vaxt aparan olub. Ona görə də bu durum abituriyentlər üçün çətinlik yaradıb. Eyni zamanda qrammatik sualların daha çox 3-cü qrupa uyğun olduğunu bildirirlər. Suallara diqqət yetirəndə də bunu görmək olur.
İngilis dili ilə bağlı əsas problem isə “dinləmə” ilə bağlıdır bəzən şagirdlər dinləmənin sürətli olduğunu bildirirlər. Bəzən isə otaqda səs-küyün olması səbəbindən eşitməyin mümkün olmadığını qeyd edirlər. “Oxuma” bölməsində isə söz bazaları kifayət qədər çox tələb olunur ki, şagirdlər testləri yaza bilsinlər. Bu da müəyyən çətinliklər yaradıb.
Riyaziyyat fənni ötən illə müqayisədə demək olar ki, eyni səviyyədə olub, sadəcə 5-6 sual çətin və vaxt aparan idi. Ümumiyyətlə, müqayisə etsək, Azərbaycan dili çətinlik baxımından digər fənlərdən daha qəliz olub”.
Yeganə BAYRAMOVA